Nəsiminin şərəfinə əkiləcək ağaclarla bağlı işlər nə yerdədir? -REPORTAJ

24 Oktyabr, 13:33 Sosial mediada paylaşın:

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə dahi mütəfəkkir, şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda bir gün ərzində 650 min ağac əkiləcək. Noyabr ayına planlaşdırılan prosesdə əkiləcək ağacların növləri və məkanları müəyyən olunub.

AZTV.AZ xəbər verir ki, yaşıllaşma tədbirinə ölkə ərazisində ciddi hazırlıq gedir. Əkiləcək ağacların hamısı “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin və Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində yetişdirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Ağaqardaş Qaraşov deyib ki, Salyan rayonun Xıdırlı kəndindəki Xıdırlı Tinkiçilik idarəsi yaşıllaşdırma təşəbbüsünə qoşulanlardandır.

“Burada yetişdirilən ümumi əkin materialı 689 470 ədəddir. Kökü bağlı tinglərin sayı 411 470, standart əkin materialı isə 199 720 ədəddir. Tinglər sahədə bir neçə prosesdən keçir və daha sonra əkinə hazır vəziyyətə gətirilir”, - deyə nazirlik rəsmisi qeyd edib.

Daha bir tingçilik idarəsi isə Ceyranbatanda yerləşir. Mərkəzin xidməti ərazisi 2 meşəbəylikdən və 2 meşə sahəsindən ibarət olmaqla 596.4 ha təşkil edir. Tinglik sahəsində iynəyarpaqlı cinslərdən Eldar şamı, həmişəyaşıl sərv, şərq tuyası və enliyarpaqlı cinslərdən adi badam, adi əncir, zeytun, tut, iydə və sair əkin materiallları yetişdirilir. 2019-cu ilin payız mövsümündə mütəfəkkir şair İ . Nəsiminin 650 illik yubileyinə həsr olunan əğacəkmə aksiyasında bu idarədən 110 min ədəd əkin materiallarının sifarişi qəbul olunub.

Daha bir idarə isə Hövsan tingçilik ərazisidir. Burada yetişdirilən ümumi əkin materialı 900 min ədəddir, kökü bağlı tinglər 600 min, standart əkin materialı isə 300 min ədəddir.

Vəfa Ağabalayeva