Zakir Həsənov: "Azərbaycan Ordusu dünyada güclü ordular arasında layiqli yerlərdən birini tutur"

25 İyun, 08:43 Sosial mediada paylaşın:

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun yaradılmasının 101 illiyi münasibətilə Silahlı Qüvvələrimizin şəxsi heyətini təbrik edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, təbrikdə deyilir ki, Azərbaycan Ordusunun nizami ordu kimi formalaşması müasir Azərbaycanın dövlətçilik memarı olan böyük tarixi şəxsiyyət ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ulu Öndərin siyasi kursunu ordu quruculuğu sahəsində uğurla davam etdirir. Həyata keçirilən irimiqyaslı islahatlar, ordunun ən müasir texnika və avadanlıqla təchiz edilməsi, yeni şəhərciklərin inşası və tələb olunan bütün hərbi infrastrukturun yaradılması nəticəsində bu gün Azərbaycan Ordusu nəinki bölgədə, dünyada güclü ordular sırasında layiqli yerlərdən birini tutur.

Son genişmiqyaslı təlimlər bir daha təsdiqlədi ki, yüksək döyüş qabiliyyətli və mənəvi-psixoloji hazırlıqlı Azərbaycan Ordusunun hər bir hərbi qulluqçusu möhtərəm Prezident, Ali Baş Komandanın istənilən döyüş əmrini uğurla yerinə yetirməyə qadirdir.

“2016-cı ildə Aprel döyüşlərində Azərbaycan Ordusunun kiçik bir hissəsi tərəfindən Ermənistan silahlı qüvvələrinin darmadağın edilərək döyüş meydanında üstünlüyümüzün təmin edilməsi, 2018-ci ilin may ayında isə Naxçıvanda həyata keçirilən Günnüt əməliyyatı zamanı torpaqlarımızın bir hissəsinin və strateji əhəmiyyətli yüksəkliklərin işğaldan azad olunması bir daha ordumuzun gücünü nümayiş etdirdi.

2018-ci ildə Azərbaycan Ordusunun yaradılmasının və Bakının işğaldan azad edilməsinin 100 illiyi münasibətilə keçirilən möhtəşəm paradlar da Azərbaycan Ordusunun qüdrətini göstərdi.

Müdafiə Nazirliyinin hərbi qulluqçularının aylıq pul təminatı və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə maaşlarının, eləcə də hərbi qulluqçulara ödənilən müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyasının üç dəfə və müharibə veteranlarına ödənilən məbləğin artırılmasından ruhlanan şəxsi heyət Vətən qarşısında vəzifə borcunu şərəf və vicdanla yerinə yetirməkdə davam edir. Dövlətimizin başçısının Sərəncamına əsasən hərbi qulluqçular mütəmadi olaraq xidməti və daimi mənzillərlə təmin edilir, onların maddi, sosial-məişət, xidməti şəraitlərinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər bundan sonra da uğurla davam etdiriləcək.

Əlamətdar bayram günündə Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsini hörmətlə yad edir, müqəddəs amal naminə sağlamlığını itirmiş hərbçilərimizə, onların ailə üzvlərinə, hörmətli veteranlarımıza da səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram”, - deyə təbrikdə qeyd edilir.

Əminliklə bildirilib ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi Anda və Nizamnamələrə daim sadiq qalan şəxsi heyət döyüş və mənəvi-psixoloji hazırlığını gücləndirəcək, yeni qələbələr əldə etmək üçün səy və bacarıqlarını daha da artıraraq, Ali Baş Komandanın döyüş əmrini yerinə yetirməyə hazır olacaq.