Xəzərin Azərbaycan sektorunda ilk dəfə dənizaltı seysmoqraflar quraşdırılacaq. Seysmoqrafların yerləşdiriləcəyi ərazilər artıq təsdiqlənib.
AZTV.AZ xəbər verir ki, layihənin 2022-ci ildə başa çatdırılması nəzərdə tutulur.
Bu gün dünyanın bir çox ölkələrində zəlzələ ilə bağlı xüsusi araşdırmalar aparılır. Azərbaycanda da bu sahədə ən qabaqcıl texnologiyadan istifadə edilir.
Ölkə ərazisinin seysmik aktiv nöqtələrində quraşdırılan sensorlarından məlumatlar peyk vasitəsilə Bakıda yerləşən baş stansiyaya ötürülür. Məlumatlar emal edildikdən sonra, sistem baş verən yeraltı təkanların dəqiq yeri, vaxtı və gücü barədə informasiya verir. Bu sahədə Azərbaycanda qurulan şəbəkə dünyanın ilk beşliyində yer alır. Hazırda Azərbaycanda istismarda olan seysmik stansiyaların sayı 35-dir. Həmin stansiyalar peyk sisteminə qoşulub. İlin sonunadək isə Xəzərin Azərbaycan sektorunda dörd dənizaltı seysmoqraf yerləşdiriləcək. İşlər “Ümid”, “Bahar” və “Günəşli” yataqlarında aparılacaq. Layihə çərçivəsində Amerikalı mütəxəssislərlə birgə 22 seysmometr qurulacaq.
Layihənin 2022-ci ildə təqdimatı gözlənilir. Cihazların alınması, göndərilməsi və quraşdırılması 2 il ərzində yekunlaşacaq. Bununla da dənizdə seysmoloji tədqiqatlarının keyfiyyəti artırılacaq.
Ayşəm Rüstəmova