Azər Kərimli: “Azərbaycan polisi Bakıdakı aksiya zamanı qanunauyğun addım atıb”

Azər Kərimli: “Azərbaycan polisi Bakıdakı aksiya zamanı qanunauyğun addım atıb”

23 Oktyabr, 13:20 Sosial mediada paylaşın:

“Azərbaycanda insan hüquqlarının, beynəlxalq normaların aliliyi Avropanın əksər ölkələrindən daha yüksək səviyyədə qorunur. Oktyabrın 19-da Bakının mərkəzində, “28 May” metrostansiyası yaxınlığında bir qrup radikalların icazəsiz aksiya cəhdi zamanı hakimiyyət orqanlarının davranışı məhz bu anlamda sırf hüququn aliliyinin qorunmasına xidmət edib. İtaliyada, Fransada, Almaniyada və aparıcı Avropa ölkələrində aksiyalarda insanlara divan tutan, hətta adi gündəlik həyatda insanların xırda şübhəli hərəkətlərinə görə daim onları təqib altında saxlayan polisin fəaliyyətini görürük. Azərbaycan polisinin onlardan ilk fərqi, bax, elə budur”.

AZTV.AZ xəbər verir ki, bunu Milli Məclisin deputatı, Azərbaycan-İtaliya parlamentlərarası İşçi qrupunun rəhbəri Azər Kərimli bildirib.

O deyib ki, Avropanın ən qədim tarixə malik respublikarı ilə müqayisədə gənc demokratik ölkə olan Azərbaycanda insanların bütün hüquq və azadlıqları, o cümlədən sərbəst toplaşmaq hüququ yüksək formada təmin olunub: “Gəlin, açıq danışaq. Təsəvvür edin ki, hər hansı Avropa ölkəsində dövlət əhəmiyyətli strateji obyektlərdən olan metropoliten yaxınlığında bir qrup şəxs icazəsiz aksiyaya, dövlət əleyhinə hər hansı addıma cəhd edir. Siz təsəvvür edirsinizmi, polis onlara qarşı necə amansız addım ata bilər?! Bunu heç təsəvvür etməyə ehtiyac yoxdur. Çünki biz Avropa ölkələrində bunun hər gün televiziya ekranlarından, internetdən şahidi oluruq. Bu baxımdan, Bakının mərkəzində, əsas metrostansiyalardan olan “28 May”ın yaxınlığında belə bir qanunsuz cəhdə qarşı polis sırf qanunauyğun addımlar atıb. Bu cəhdin təşkilatçılarının mitinq keçirmək müraciətinə Bakı Şəhər İcra Hakimiyyəti “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun 9-cu maddəsinə əsasən, metropolitenin mühafizə zonalarında toplantıların keçirilməsinin qadağan edildiyini xatırladaraq, mitinqin keçirilməsi üçün Bakı şəhərində digər ərazi müəyyənləşdirib təklif etmişdi. Mitinq üçün müraciət edən şəxslər isə qəsdən toqquşma yaratmaq məqsədilə şəhərin mərkəzi küçələrinə axışmağa cəhd ediblər və hüquq mühafizə orqanları da bu qanunsuz aksiyanın qarşısını vəzifə tələblərinə uyğun olaraq alıb. Aksiyada iştirak edənlərin böyük əksəriyyəti rəsmi xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb. Halbuki Avropada belə olmur, mütləq ciddi maliyyə sanksiyası və yaxud digər inzibati cəza tətbiq olunur”.

A.Kərimli Avropa İttifaqının və Avropa Şurasının insan hüquqları üzrə komissarının hadisə ilə bağlı bəyanatına da münasibət bildirib: “Onlar, yuxarıda qeyd etdiyim kimi, çox yaxşı olardı ki, əvvəlcə Avropa ölkələrində nümayişçilərə qarşı rezin güllələrdən və həddindən artıq şiddətdən istifadə olunması hallarına nəzər yetirsinlər. Mən təəssüf edirəm ki, Avropada bəzi təşkilatların məsələnin mahiyyətinə varmadan, müvafiq rəsmi qurumların mövqeyini öyrənmədən tələsik şəkildə əsassız bəyanatlarla çıxış etməsi hallarına rast gəlirik. Bu, ilk növbədə, onların təmsil etdikləri təşkilatıların imici üçün arzuolunan deyil”.

CANLI YAYIM