Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatında “Vikipediya” Metodik Mərkəzi yaradılıb

Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatında “Vikipediya” Metodik Mərkəzi yaradılıb

23 Oktyabr, 11:55 Sosial mediada paylaşın:

İnternet adlanan qlobal şəbəkədə mövcud olan axtarış sistemləri hər birimizin köməyinə gəlir. “Google”da məlumat axtararkən ilk növbədə “Vikipediya” səhifəsinə baxırıq. Qısa zaman ərzində lazım olan informasiyaları buradan əldə edə bilirik. Bəzən isə istədiyimiz məlumatın Azərbaycan dilində olmadığını görəndə təəssüf hissi keçiririk.

Bu fikirlər Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin təşəbbüsü ilə Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatında yaradılan “Vikipediya” Metodik Mərkəzinin açılış mərasimində səsləndirilib.

Təşkilatdan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən YAP Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev “Vikipediya” Metodik Mərkəzinin yaradılmasında məqsədin Azərbaycanın incəsənəti, mədəniyyəti, tarixi şəxsiyyətləri, şəhər və rayonları, kəndləri və s. haqqında məlumatları zənginləşdirmək və fəal gəncləri bu işə cəlb etmək olduğunu söyləyib.

Naqif Həmzəyev “Vikipediya”da qədim Gəncə ilə bağlı xəbərlərdə boşluq olduğunu diqqətə çatdırıb, gənclərə bu virtual ensiklopediyanın yaratdığı imkanlardan yararlanmağı tövsiyə edib. O, Gəncə haqqında “Vikipediya”da yerləşdirilən ilk 50 və 100 məqalənin müəlliflərinin təşkilat tərəfindən mükafata layiq görüləcəyini bildirib.

Sonra “Vikipediya - virtual ensiklopediya” mövzusunda təlimə start verilib. Təlimçi Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsi, Azərbaycanca “Vikipediya”nın idarəçisi Rüfət Rəhimov virtual ensiklopediyadan istifadə qaydaları, qeydiyyatdan keçmə, məqalə yaradılması, adlandırılması, mətnin vikiləşdirilməsi, mənbələrin əlavə edilməsi ilə bağlı ətraflı məlumat verib. “Vikipediya”da məqalələrin yazılmasının olduqca asan olduğunu bildirən Rüfət Rəhimov, eyni zamanda, gənclərə bu virtual ensiklopediyanın beş əsas prinsipini, mənfi təsirləri və onun qarşısının alınması yollarını izah edib.

CANLI YAYIM