Azərbaycan Kinostudiyasının direktoru Cəmil Quliyev Teleradio Akademiyasının qonağı olub

Azərbaycan Kinostudiyasının direktoru Cəmil Quliyev Teleradio Akademiyasının qonağı olub

20 Oktyabr, 12:20 Sosial mediada paylaşın:

Teleradio Akademiyasının dinləyiciləri ilə Cəfər Cabbarlı adına Azərbaycan Kinostudiyasının direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyevin görüşü keçirilib.

Görüş zamanı Akademiyanın rektoru Faiq Hüsiyev dinləyicilərin diqqətini C.Quliyevin milli kino və televiziya sahəsində xidmətlərinə cəlb edib, onun vaxtilə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdindəki “Mədəniyyət” telekanalının ilk direktoru, sonra isə İctimai TV-nin baş direktoru kimi fəaliyyət göstərdiyini, uzun illər Azərbaycan Televiziyasında “Retro” kino proqramını apardığını xatırladıb.

C.Quliyev Azərbaycan kinosunun keçmişi və indiki vəziyyəti ilə bağlı fikirlərini dinləyicilərlə bölüşüb, dünya kinosunda gedən yeni tendensiyalardan danışıb. O, bildirib ki, hazırda dövlətimiz Azərbaycan kinosunun inkişafı, onun maddi-texniki bazasının gücləndirilməsi məqsədilə mühüm addımlar atır.

Qeyd olunub ki, kinostudiyada 3 film istehsalata buraxılıb, 4-cü filmin çəkilməsi üçün hazırlıq işləri gedir. "Debüt" studiyasında 6 qısametrajlı filmin, “Salnamə” studiyasında 10-a yaxın sənədli filmin çəkilmə mərhələsində olduğu, filmlərin Qarabağ, 20 Yanvar, 1937-ci il repressiya illəri, 2016-ci il Aprel döyüşləri və s. mövzuları əhatə etdiyi, gənc rejissorlara meydan verildiyi, onların öz istedadlarını üzə çıxarması üçün şərait yaradıldığı vurğulanıb.

Azərbaycan kinosu ilə bağlı maraqlı diskussiya və fikir mübadiləsi şəraitində keçən tədbir sualların cavablandırılması və xatirə şəklinin çəkilməsi ilə yekunlaşıb.

CANLI YAYIM