Ərdoğan: “Özümüzü Azərbaycanda evimizdəki kimi hiss edirik”

Ərdoğan: “Özümüzü Azərbaycanda evimizdəki kimi hiss edirik”

15 Oktyabr, 12:19 Sosial mediada paylaşın:

“Sizi öz vətənimizdən ayırmadığımız Azərbaycanda salamlayıram. Burada özümüzü qonaq kimi yox, öz evimizdəki kimi hiss edirik. İndi təbii ki, Türk Şurasının Zirvə Görüşündə “Biz altı dövlət, yeganə millətik” deyirik. Azərbaycan kimi Qazaxıstanı, Qırğızıstanı, Özbəkistanı və Türkmənistanı özümüzdən ayrı hiss etmirik”.

AZTV.AZ xəbər verir ki, bu sözləri Bakıda keçirilən Dünya Türk Biznes Şurasının (Dünya Türk İş Konseyi - DTİK) toplantısında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Rəcəb Tayyib Ərdoğan Türk Şurasının Zirvə Görüşünün türk dünyasında iqtisadi və ticari əlaqələrin genişlənməsində əhəmiyyətli rol oynayacağını vurğulayıb: “Eyni coğrafiyanı bölüşən, eyni mədəniyyəti və tarixi olan, eyni dildə danışan xalqlar birgə platformalar və layihələr əsasında daha çox bir araya gəlirlər. VII Zirvə Görüşünü keçirəcəyimiz Türk Şurası bu istiqamətdə son zamanlarda tətbiq etdiyimiz ən mühüm əməkdaşlıq mexanizmidir. Bu yaxınlarda Özbəkistan Şuraya tamhüquqlu üzv qəbul edilib və Macarıstanın Şuraya müşahidəçi üzv kimi qəbul edilməsi təşkilatın gələcəyi üçün mühüm uğurdur. Bu il 10 illik yubileyini qeyd edən Türk Şurasının Türkmənistanın tamhüquqlu üzvlüyü ilə öz mövqeyini möhkəmləndirəcəyinə inanıram. Məqsədimiz və arzumuz tək bir qardaşımızın və soydaşımızın da kənarda qalmadığı güclü və əhatəli bir birlik yaratmaqdır”.

Türkiyə Prezidenti 300 milyonluq türk dünyasının nəhəng potensialını yalnız bu şəkildə reallaşdırılacağını qeyd edərək deyib ki, bu potensialdan istifadə baxımından 15-20 il əvvəllə müqayisədə çox böyük məsafə qət etmişik, lakin iş dünyasının lokomotiv rolunu oynamadığı hər bir layihə yarımçıq qalmağa məhkumdur. Nə qədər ki, siyasi və mədəni əlaqələr möhkəmdir və ticari əməkdaşlıq tərəfindən dəstəklənir, onlar böhranlar və sarsıntılara qarşı müqavimət göstərə bilirlər. Buna görə də biznes dünyasını bir araya gətirən bu fəaliyyətə böyük əhəmiyyət veririk. Eyni zamanda, birgə nəqliyyat layihələri ilə ölkələrimiz arasındakı məsafələri də qısaldırıq.

Rəcəb Tayyib Ərdoğan Dünya Türk Biznes Şurasının xaricdə yaşayan bütün türklər üçün istinad və görüş yeri olduğunu vurğulayaraq deyib: “Xaricdəki bütün sahibkarlarımızı Dünya Türk Biznes Şurasına üzv olmağa dəvət edirəm. Bu həqiqəti hər zaman yadda saxlamalıyıq. Türkiyə və Azərbaycan türklərinin yaşadıqları ölkələrdə “Bir millət, iki dövlət” şüarı ilə hərəkət etdikləri təqdirdə öhdəsindən gələ bilməyəcəkləri maneə yoxdur. Türk dünyası nə qədər güclü olarsa, türk diasporu bir o qədər güclü və gələcəyinə daha inamlı olar”.

Türkiyənin coğrafi mövqeyi ilə əlaqədar terror təhdidinə daha çox məruz qaldığına diqqəti çəkən Rəcəb Tayyib Ərdoğan bildirib: “Türkiyə təxminən 40 ildir fasiləsiz terrorizmlə mübarizə edir. Türkiyə terror təşkilatları ilə mübarizədə on minlərlə vətəndaşını qurban verib. Oktyabrın 9-da başladığımız “Sülh çeşməsi” əməliyyatı ilə Fərat çayının şərqini terrorçulardan təmizləmək istəyirik. Əməliyyatın məqsədi Suriyanın şimalında PKK/YPG terror təşkilatı təhlükəsinin aradan qaldırılmasıdır. Başda Azərbaycan olmaqla “Sülh çeşməsi” əməliyyatında yanımızda olan hər kəsə təşəkkür edirəm. Türkiyə bu əməliyyatla Suriya sərhədindəki terrorçuları məhv edərək ölkədəki qaçqınların öz vətənlərinə qayıtması üçün təhlükəsiz şərait yaradacaq. Türkiyə bu əməliyyatları bütün təzyiqlərə baxmayaraq, sonadək davam etdirəcək”.

CANLI YAYIM