Bakı Dəmir Yolu Xəstəxanasındakı aksiya çərçivəsində 82 uşaq pulsuz müayinə edilib

6 İyun, 09:59 Sosial mediada paylaşın:

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Bakı Dəmir Yolu Xəstəxanasında aksiya keçirilib.

"Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Baş həkim Laçın İmanov, baş həkimin müavini Xuraman Bağırova və Diaqnostika şöbəsinin müdiri Adilə Rzayevanın rəhbərliyi ilə aksiya çərçivəsində 82 uşaq pulsuz müayinə olunub. Həkim pediatrların nəzarəti altında uşaqlar ultrasəs, exo kardioqramma, elektro kardioqramma, flüoqrafiya, elektro ensefoloqramma, exo ensefoloqramma və laborator müayinədən keçirilib.

Baxışa gətirilən uşaqlar arasında 2 aylıq körpələr və yeniyetmələr olub. Pulsuz aksiyadan bölgələrdən gələnlər də yararlanıb. Müayinələr bitdikdən sonra xəstəxananın ərazisində şou-proqram təşkil olunub. Uşaqlara şirniyyat və oyuncaqlar hədiyyə edilib.

Qeyd edək ki, iyunun 1-də Bakı Dəmir Yolu Xəstəxanasında 3-ü qız, 1-i oğlan olmaqla, 4 uşaq dünyaya gəlib.

Daha bir bayram tədbiri Biləcəridəki Mərkəzi Dəmir Yolu Xəstəxanasında keçirilib. Bayram tədbirində həmin xəstəxanada dünyaya gələn 3 uşağa doğum haqqında şəhadətnamə verilib.