Azərbaycan startapçılar Dubaydakı “GITEX Technology Week” sərgisində beynəlxalq vençur fondları və investorlarla görüşlər keçiriblər

Azərbaycan startapçılar Dubaydakı “GITEX Technology Week” sərgisində beynəlxalq vençur fondları və investorlarla görüşlər keçiriblər

12 Oktyabr, 12:13 Sosial mediada paylaşın:

Yaxın Şərqin və dünyanın ən böyük İKT sərgilərindən hesab edilən “GITEX Technology Week” və “GITEX Future Stars” sərgiləri bu il Dubayda keçirilib. Oktyabrın 6-dan 10-dək keçirilən sərgidə Azərbaycan İnnovasiyalar Agentliyinin əməkdaşları da iştirak ediblər.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, hər il sərgidə dünya texnologiya liderləri, müəssisə və startaplar bir araya gəlirlər. Bu il “GITEX” sərgisi 100-dən çox ölkənin 4 min 800 şirkətinə ev sahibliyi edib. Burda müxtəlif istiqamətlərdə inkişaf edən texnologiya şirkətləri öz məhsullarını dünyanın aparıcı sənayə liderlərinə, nüfuzlu qurum və potensial investorlara nümayiş etdiriblər. Sərgidə 3D printing, VR/AR, dronlar, robotiks və başqa texnologiya və innovasiyalar sahələrində məhsullar təqdim olunub.

Sərgiyə “InEx” mübadilə proqramı çərçivəsində qatılan İnnovasiyalar Agentliyinin rəhbər şəxsləri Fariz Quliyev, Ayan Kərimova və Tural Maqsudov burada beynəlxalq mühitlə tanış olub, beynəlxalq vençur fondları və investorlarla görüşlər keçiriblər.

Yaponiyanın Xarici Ticarət Təşkilatı və Koreyanın Kiçik və Orta Sahibkarlıq Qurumu ilə yüksək texnoloji məhsul və xidmətlərin inkişafı sahəsində əməkdaşlığa dair müzakirələr aparılıb. Texnoloji məhsulların yığımı və satışını reallaşdırmaq məqsədilə xarici innovativ müəssisələrə rezidentliyin verilməsi də danışıqlar mövzusu olub.

İtaliya Ticarət Agentliyinin Dubay nümayəndəliyi ilə startap mühitinin formalaşması və İtaliya texnoloji müəssisələrinin Azərbaycanda rezidentlik, maliyyələşmə, ticarət, istehsal və yığım imkanları araşdırılıb.

Həmçinin sərgi çərçivəsində Səudiyyə Ərəbistanı Texnoloji İnkisaf və İnvestisiyalar Təşkilatı, İxrac Agentliyi, “Elham startap” təşkilatı, “Badr inkubasiya ve akselerasiya”, Birləşmiş Ərəb Əmirliklərinin “Hub71- Mabadala Startap İnkubasiya və Akselerasiya” qurumları ilə Azərbaycanda startap ekosisteminin inkishafına yönəlmiş ideya, məhsul və xidmət istehsalının dəstəklənməsi və maliyyələşdirilməsi ətrafında müzakirələr aparılıb.

CANLI YAYIM