Oktyabrın 11-də Aşqabadda məhdud tərkibdə iclas başa çatandan sonra MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib Sergey Lebedevə Türkmənistanın “Bitərəflik” ordenini təqdim etdi.
Azərbaycanın Rusiyadakı səfiri, MDB-yə üzv ölkələrin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun idarə heyətinin sədri Polad Bülbüloğlu Fondun “Humanitar əməkdaşlığın inkişafında xidmətlərinə görə” medalını Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədova təqdim etdi.
İclasda bir sıra sənədlər, o cümlədən “Strateji iqtisadi əməkdaşlıq haqqında” bəyannamə imzalandı.