Şəhid ailəsi Prezident İlham Əliyevi və xanımını toya dəvət etdi - VİDEO

Şəhid ailəsi Prezident İlham Əliyevi və xanımını toya dəvət etdi - VİDEO

9 Oktyabr, 11:01 Sosial mediada paylaşın:

Xəbər verdiyimiz kimi, oktyabrın 8-də Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleksinin açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Qobu Park-2” yaşayış kompleksindəki mənzillərdə yaradılan şəraitlə tanış oldular. Qeyd olunub ki, kompleksdə bir, iki, üç və dördotaqlı olmaqla, ümumilikdə, 1300 mənzil var. Bütün mənzillər zəruri inventarla təchiz edilib.

Sonra dövlət başçısı və birinci xanım Xocalı rayonundan olan məcburi köçkün, şəhid ailəsi Fəridə Cabbarovanın mənzilində olublar. Bildirilib ki, dördotaqlı mənzil bütün mebellərlə təchiz olunub.

Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəridə Cabbarovanın ailə üzvləri ilə görüşüb söhbət ediblər.

F.Cabbarova ölkə başçısını və xanımını oğlu Nicatın toyuna dəvət edib. Prezident İlham Əliyev məmnuniyyətlə iştirak edəcəklərini dilə gətirib:

Fəridə Cabbarova: Mən bir şeyi də qeyd edim ki, Sizin şəhid ailələrinə birdəfəlik 11 min manat yardımınız demək olar, subay olan bir çox şəhid övladlarına dəstək oldu. İnşallah, bu yaxınlarda mən Nicata toy etmək istəyirəm. Arzu edərdim ki, Siz Nicatın toyunda iştirak edib, xeyir-dua verəsiniz.

Prezident İlham Əliyev: Təbrik edirəm bəri başdan. Allah xoşbəxt eləsin.

Birinci xanım Mehriban Əliyeva: Artıq bilirsiniz nə zaman olacaq?

Prezident İlham Əliyev: Tarixi məlumdur?

Fəridə Cabbarova: Bəli, deyərik.

Prezident İlham Əliyev: Mehriban xanıma deyərsiniz, məmnuniyyətlə gələrik.

Birinci xanım Mehriban Əliyeva: Böyük məmnuniyyətlə gəlib iştirak edərəm.

Prezident İlham Əliyev: Bilirsiniz ki, Mehriban xanım da bu məsələ ilə çox ciddi məşğuldur. Onun yeni fəaliyyət dövründəki ilk tədbiri məhz məcburi köçkünlərin problemlərinə həsr edilib. Bu məsələni daim diqqətdə saxlayır və bu şəhərciklərin ərsəyə gəlməsində də onun böyük əməyi var.

CANLI YAYIM