ABAD şahmat dəsti Ankara Şahmat Muzeyinə təqdim edilib

5 Oktyabr, 20:00 Sosial mediada paylaşın:

Azərbaycanda ABAD tərəfindən hazırlanan şahmat dəsti Ankarada müxtəlif ölkələrdən 700-dən çox tematik şahmat dəstənin nümayiş olunduğu muzeyə təqdim edilib. Təqdimat Azərbaycanın dövlət müstəqilliyinin 28-ci ildönümünə həsr olunub.

Ankaradakı Şahmat muzeyi Türkiyədə yeganə, dünyada isə  nadir bənzər muzeylərdən biridir. Burada 110 ölkədən bir birinə bənzəməyən, müxtəlif xalqları, mədəniyyətləri, dövrləri, hətta maraq dairələrini təmsil edən 700-dən artıq şahmat dəsti ilə tanış olmaq mümkündür.

Azərbaycanın Ankaradakı səfirliyinin təşəbbüsü ilə təşkil edilən tədbir ölkəmizdə bu muzey üçün xüsusi olaraq hazırlanan şahmat dəstinin təqdimatı ilə bağlı idi. Tədbirdə çıxış edən Türkiyə parlamentinin Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayırım, Şahmat muzeyinin sahibi Akın Gökyay, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim və digər natiqlər Azərbaycanla Türkiyə arasındakı qardaşlıq münasibətləri, ölkəmizdə şahmat idman növünün inkişafı haqqında danışdılar.

Çıxışlar davam edərkən, həmyerlimiz Teymur Rəcəbovun şahmat üzrə dünya kubokunun finalında parlaq qələbə qazanması xəbərinin daxil olması tədbir iştirakçıları tərəfindən böyük sevinclə qarşılandı.

Daha sonra Bakının qədim və müasir memarlığını əks etdirən şahmat fiqurlarından ibarət dəst muzeyə təqdim edildi. Azərbaycandan gətirilən şahmat dəstinin yerli və xarici turistlər tərəfindən böyük maraq göstərilən və 2012-ci ildə Ginnesin rekordlar kitabına daxil olan kolleksiyada xüsusi yeri olacağı bildirildi.

Təqdimat mərasimi əməkdar artist Turan Manafzadənin ifasında səslənən dünya musiqi sənətinin korifeylərinin əsərləri, həmçinin Azərbaycanın xalq və bəstəkar mahnılarından ibarət konsertlə davam etdi.

Tədbir Azərbaycanın gənclər arasında dünya çempionu, beynəlxalq qrosmeyster Zaur Məmmədovun gənc şahmatçılarla keçirdiyi şahmat seaansı ilə yekunlaşdı.

Zəngin şahmat ənənənələrinə malik olan Azərbaycanın bu nadir muzeydə daha geniş təmsil edilməsi istiqamətində atılan addımlar isə bundan sonra da davam edəcək.

Yalçın Tahiroğlu 

Ankara, Türkiyə