Teleradio Akademiyasında növbəti tədris ili başladı

Teleradio Akademiyasında növbəti tədris ili başladı

24 Yanvar, 13:06 Sosial mediada paylaşın:

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində fəaliyyət göstərən Televiziya və Radio Akademiyasında növbəti tədris ili başlayıb.

QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, yanvarın 24-ü - ilk dərs günü dinləyicilərin qurumun ərazisində şəhidlərin xatirəsinə yaradılmış memorial abidə kompleksi ziyarəti ilə başlayıb.

Sədr Rövşən Məmmədovun da iştirak etdiyi tədbirdə şəhidlərin əziz xatirəsi yad edilib, abidə kompleksinin qarşısına güllər düzülüb.

Daha sonra dinləyicilərlə görüş keçirilib. R.Məmmədov dinləyicilərə tədris ilində uğurlar arzulayıb.

Teleradio Akademiyasının rektoru Telli Pənahqızı rəhbərlik etiyi akademiyada təhsil almaq üçün 300-dən çox müraciət edənin olduğunu və müsabiqə nəticəsində 112 dinləyicinin qəbul olunduğunu bildirib. Rektor televiziyanın aparıcı sahələri sayılan aparıcı, reportyor, redaktor, rejissor və operator peşələrinə yiyələnmək istəyənlərə akademiyanın müəllimlərinin, eləcə də digər media qurumlarında çalışan mütəxəssislərin də dərs deyəcəklərini qeyd edib.

Türkiyənin TRT Kanalının Bakı ofisinin rəhbəri Murat Akkoç çıxışında Azərbaycan Televizyasında son illər aparılan dəyişikliklərə, yeniliklərə şahidlik etdiklərini bildirib. “Yaxşı jurnalist olmaq üçün həmişə öz üzərinizdə çalışmalı, obyektiv, haqqın yanında olmalısınız” deyən Murat Akkoç TRT mütəxəssislərinin də akademiyada ustad dərsləri keçəcəklərini diqqətə çatdırıb. Televiziyada ilk fəaliyyətinə idman müxbirliyindən başlayan TRT-nin Bakı ofisinin strategiya mütəxəssisi Mehmet Buğra Şahin də Azərbaycanda məhz AZTV nəzdində belə bir akademiyanın fəaliyyətini yüksək qiymətləndirib.

Xatırladaq ki, Teleradio Akademiyasını uğurla başa vuran dinləyicilər AZTV-nin müxtəlif departamentlərində işlə təmin olunurlar.

CANLI YAYIM