“Fitch Ratings”: Azərbaycan Cənubi Qafqazda birincidir

“Fitch Ratings”: Azərbaycan Cənubi Qafqazda birincidir

4 Oktyabr, 15:51 Sosial mediada paylaşın:

“Fitch Ratings” beynəlxalq reytinq agentliyinin qiymətləndirməsinə əsasən, Azərbaycan sabit inkişaf tempinə görə Cənubi Qafqazda birincidir.

Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətindən AZTV.AZ-a bildirilib ki, “Fitch Ratings” mütəmadi olaraq ölkələrin iqtisadiyyatındakı mövcud vəziyyətlə əlaqədar təhlillər apararaq hesabatlar hazırlayır. Belə ki, Şərqi Avropa və post-Sovet məkanında yerləşən 22 ölkənin dəyərləndirildiyi bu ilin üçüncü rübünə olan növbəti hesabatda ölkəmiz öz müsbət mövqeyini qoruyub və BB+ qiymətləndirməsi ilə sabit inkişaf tempi nümayiş etdirib. Sevindirici haldır ki, Cənubi Qafqaz ölkələri arasında bu göstərici ilə ən yüksək reytinq məhz Azərbaycana məxsusdur.

Agentliyin məlumatına əsasən, beynəlxalq iqtisadi və ticarət münasibətlərində xarici balansın saxlanılması və aşağı səviyyəli dövlət borcunun olması Azərbaycanın reytinqini yüksək səciyyələndirən əsas amillərdəndir. Dövlətin əsas götürdüyü makroiqtisadi, maliyyə, vergi və sosial islahatlar zəminində istehlak sferasında borclanmanın azaldılmasına, sosial məsələlərin ön plana çəkilməsinə, maliyyə və vergi münasibətlərinin tənzimlənməsinə istiqamətlənən müsbət meyllər inflyasiyanın nəzarətdə saxlanmasına, dollarlaşma səviyyəsinin aşağı düşməsinə gətirib çıxarıb, geniş mənada isə ölkənin xarici iqtisadi şoklara və qlobal arenada yarana biləcək böhranlara çevik reaksiya göstərə bilməsinə şərait yaradıb. Eyni zamanda, bank sektorunun sağlamlaşdırılması, problemli kreditlərin həlli istiqamətində həyata keçirilən tədbirlər sektorun restrukturizasiyasına, kapitallaşmanın və kredit verilişinin artmasına səbəb olub.

Öz növbəsində, iqtisadiyyatın şaxələndirilməsi və neft sektorundan asılılığının aradan qaldırılması məqsədilə ölkədə yaradılan və dəstəklənən münbit biznes mühiti “Fitch Ratings”in təhlillərində xüsusi qeyd olunub və ölkəmizin mövqeyinin gücləndirilməsində əhəmiyyətli rol oynayıb.

CANLI YAYIM