Milli məhsullarımız yeni laborator sınaqlardan keçiriləcək

Milli məhsullarımız yeni laborator sınaqlardan keçiriləcək

3 Oktyabr, 19:30 Sosial mediada paylaşın:

Qida təhlükəsizliyi ərzaq təhlükəsizliyinin vacib tərkib hissəsidir və milli təhlükəsizlik məsələsi kimi mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda ərzaq keyfiyyəti və qida təhlükəsizliyinin idarəedilməsi sistemləri müasirləşdirilir, bu sahədə institusional islahatlar aparılır.

Prezident İlham Əliyevin fərmanıyla yaradılan Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi idxal olunan məhsullara nəzarətin gücləndirilməsi ilə yanaşı, həm də dünya bazarlarına ixrac edilən məhsullara dünya səviyyəsində keyfiyyət zəmanəti verilməsinə xidmət edir. Agentliyin nəzdində məhsulların tərkibini, təmizliyini yoxlamaq üçün müasir standartlara cavab verən laboratoriyalar fəaliyyət göstərir.

Ölkədə istehsal və ixrac olunan qida məhsullarının təhlükəsizliyi və keyfiyyəti Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarında yoxlanılır. Burda ən müasir standartlara cavab verən avadanlıqlar vasitəsilə nümunələr üstündə sınaqlar aparılır.

Müasir avadanlıqların tətbiqi peşəkar kadrların mövcudluğunu zəruri edir. Bu məqsədlə laboratoriyalarda çalışanların peşkarlığının artırılması və yeni metodların tətbiqi istiqamətində qabaqcıl ölkələrin təcrübələri öyrənilir, beynəlxalq qurumlarla əməkdaşlıq edilir.

Xarici təcrübənin öyrənilməsi və tətbiqi həmçinin Azərbaycan məhsullarının təmizliyinin və keyfiyyətinin bütün dünyada qəbul edilməsinə xidmət göstərir.

Tezliklə İnstitutun Kompleks Tədqiqatlar Laboratoriyasında ən mürəkkəb sınaqlardan biri olan qida məhsullarında dioksinlərin, bifenillərin, eləcə də digər maddələrin müayinələrinin aparılması planlaşdırılır. Yeni metodların işlənib hazırlanması üzərində işlər davam etdirilir. Bu isə Avropa və Amerika Birləşmiş Ştatları bazarlarına “Made in Azerbaijan“ məhsullarının rahat şəkildə çıxarılmasına şərait yaradacaq. Çünki həmin bazarlarda satılan məhsulların keyfiyyət və təmizlik qarantiyası məhz bu sınaqlar hesab edilir.

Sabir Bilalov

CANLI YAYIM