“Milli Nəfəs Alətləri Festivalı” keçirilir - “Mədəniyyət” kanalının təşkilatçılığı ilə

3 Oktyabr, 15:46 Sosial mediada paylaşın:

Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə “Milli Nəfəs Alətləri Festivalı” keçirilir.

Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının təşkilatçılığı ilə oktyabr ayının 3-dən 6-dək keçiriləcək “Milli Nəfəs Alətləri Festivalı” bu gün “Azərbaycan milli nəfəs alətlərinin təbliği və tədqiqi” mövzusunda elmi-praktiki konfransla təntənəli şəkildə açıq elan edildi. Konfransda Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının direktoru, festivalın bədii rəhbəri Ramil Qasımov çıxış edərək Azərbaycanda bu festivalın milli nəfəs alətlərimizin təbliği istiqamətində mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı. O, həmçinin Azərbaycanın milli və professional musiqisinin təbliğində ölkəmizin birinci vitse-prezidenti, UNESCO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətlərini xüsusi olaraq qeyd etdi, onun rəhbərliyi və təşəbbüsü ilə həyata keçirilən layihələrin musiqimizin inkişafı istiqamətində əhəmiyyətini, mədəniyyətimizə əvəzsiz töhfələr verdiyini vurğuladı.

Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının bu layihəsinin də dövlətimizin siyasətinin davamı olduğu və belə tədbirlərin ardıcıl olaraq təşkil ediləcəyi diqqətə çatdırıldı.

Konfransın qonaqları – xalq artisti Siyavuş Kərimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev, xalq artisti Murad Hüseynov da festivalın keçirilməsinin yeni nəslin milli ruhda formalaşmasına da əvəzsiz töhfə verəcəyini qeyd etdi.

Üç gün ərzində festival çərçivəsində müxtəlif konsert salonlarında – Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Milli Konservatoriyasında fərqli və rəngarəng tədbirlərin keçirilməyi nəzərdə tutulur.