“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi məlum olub

“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi məlum olub

13 Dekabr, 19:26 Sosial mediada paylaşın:

Dekabrın 13-də İsveçrənin Nyon şəhərində UEFA Konfrans Liqasının pley-off mərhələsinin püşkü atılıb.

Püşkatma nəticəsində Azərbaycanın bu turnirdəki təmsilçisi “Qarabağ” klubunun da pley-off mərhələsindəki rəqibi müəyyənləşib. Püşkün nəticələrinə əsasən, Qurban Qurbanovun yetirmələri növbəti mərhələdə Fransanın “Marsel” komandası ilə üz-üzə gələcəklər.

UEFA Avropa Liqasının E qrupunda “Qalatasaray”, “Lazio” və “Lokomotiv Moskva” komandaları ilə bir qrupda yer alan “Marsel” 7 xalla üçüncü yerdə qərarlaşıb. Pley-off matçlarının qalibləri UEFA Konfrans Liqasının qrup mərhələsində qruplarda ilk yerləri tutan komandalarla qarşılaşacaqlar. “Köhlən atlar” ilk oyununu səfərdə keçirəcək.

Qeyd edək ki, “Qarabağ” UEFA Konfrans Liqasında “Bazel” (İsveçrə), “Omoniya” (Kipr) və “Kayrat” (Qazaxıstan) klubları ilə birgə H qrupunda mübarizə aparıb. Qrup mərhələsində 11 xal toplayan ağdamlılar qrupda ikinci yeri tutaraq pley-off mərhələsinə vəsiqə qazanıblar. Qrup lideri kimi səkkizdəbir finala İsveçrənin “Bazel” komandası adlayıb. Pley-off mərhələsində ilk matçlar 2022-ci il fevralın 17-də, cavab qarşılaşmaları isə bir həftə sonra oynanılacaq. UEFA Konfrans Liqasının final görüşü Albaniyanın paytaxtı Tiranada keçiriləcək.

CANLI YAYIM