Kəlbəcərin işğaldan azad olunması ölkəmizin parlaq qələbəmizlə sona çatan Vətən müharibəsinin diplomatik müstəvidə davamının nəticələrindən biri idi. Üçtərəfli bəyanatla təslim olan düşmən Ağdam, Laçın və Kəlbəcəri boşaltmaq öhdəliyi götürdü. Bu gün Kəlbəcərin işğaldan azad olunmasından bir il ötür.
Azərbaycanın hərbi gücü cəmi 44 gün ərzində Ermənistanı hərbi fiasko ilə üz-üzə qoydu. Azərbaycan Ordusu 300-dək yaşayış məntəqəsini döyüş meydanında hərbi əməliyyatlarla düşməndən təmizlədi. Uydurulmuş “məğlubedilməz” erməni ordusu, keçilməz Ohanyan səddindən əsər-əlamət qalmadığını görən işğalçı təslim aktını imzalamağa məcbur qaldı. Məhz bu kapitulyasiya aktı Ermənistanın hərbi-siyasi məğlubiyyətini rəsmiləşdirdi.
Üçtərəfli bəyanatla Ermənistan Ağdam, Kəlbəcər və Laçını təhvil vermək öhdəliyini götürdü. Bu, hərbi müstəvidə qazanılmış qələbənin siyasi-diplomatik masada uğurlu davamı idi. Əgər düşmən Ağdamda Azərbaycan ordusunu möhkəm istehkamlarla gözləyirdisə, Laçın və Kəlbəcərin kəskin relyefi və qarşıdan gələn qış hərbi əməliyyatlarda hücuma keçən tərəf üçün əlavə maneələr yaradırdı. Bu isə özlüyündə itkilərin böyük olma riskini artırırdı. Ancaq bu ana qədər hərbi əməliyyatlarda əldə edilmiş uğur və onun diplomatik müstəvidə inkişaf etdirilməsi, bu itkilərin qarşısını aldı. Beləliklə, işğalçı noyabrın 25-də Kəlbəcəri boşaltmalı oldu. Ancaq bu dəfə də öz ampluasında – meşələri qıraraq, evlərə od vuraraq...
30 il ərzində terrorun bütün növlərinə əl atan, eləcə də təbiətə qarşı ekoloji terror törədən düşmən, şübhəsiz, törətdiyi cinayətlərə görə cavab verəcək.
Hər halda indi bütün Qarabağ üçün olduğu kimi Kəlbəcərin da həyatında yeni səhifə başlayır. Rayonun ərazisində bərpa və yenidənqurma işləri sürətli şəkildə davam etdirilir.
* Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağda 11,6 kilometrlik tunel inşa edilir;
* Göygöl və Kəlbəcər rayonlarını birləşdirən avtomobil yolu çəkilir;
* Kəlbəcər rayonunun ərazisində Lev çayı üzərində 4,4 MVt gücündə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyası yenidən qurulur;
* 110/35/10 kV-luq “Kəlbəcər” yarımstansiyası isə artıq işə başlayıb.
Qısa zamanda həyata keçirilən layihələr Azərbaycan dövlətinin qüdrətini nümayiş etdirməklə yanaşı, Qarabağın və Şərqi Zəngəzurun bərpasında nə qədər qətiyyətli olduğunu göstərir.
Vüsal Mətləb