Azərbaycanın və İstanbulun Baş prokurorları Füzuli və Şuşada

Azərbaycanın və İstanbulun Baş prokurorları Füzuli və Şuşada

25 Noyabr, 11:54 Sosial mediada paylaşın:

Azərbaycanın Baş prokuroru Kamran Əliyevin dəvəti ilə Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin İstanbul şəhər Baş prokuroru Şaban Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti işğaldan azad edilmiş Füzuli rayonuna və Şuşa şəhərinə səfər edib.

Baş prokuror Kamran Əliyev və qonaqlar Azərbaycanın işğaldan azad olunmuş Füzuli rayonuna səfər ediblər.

Səfərin iştirakçıları Ermənistanın 27 il ərzində Füzuli rayonunda törətdiyi müharibə cinayətlərinin ağır fəsadları, vəhşilik və vandalizm əməllərinin ağır izləri ilə yerində tanış olub.

Kamran Əliyev vaxtilə Azərbaycanın ən inkişaf etmiş şəhərlərindən biri olan Füzulidə ermənilərin yaşayış məntəqələrini, qəbiristanlıqları, tarixi, mədəni abidələri vəhşicəsinə dağıtdıqlarını, salamat tikili saxlamadıqlarını qonaqların diqqətinə çatdırıb.

Daha sonra nümayəndə heyəti Qarabağın “hava qapısı” adlandırılan, müasir səviyyədə inşa olunmuş, ən son texniki avadanlıqla təchiz edilmiş Füzuli Beynəlxalq Hava Limanı ilə yaxından tanış olub. Qonaqlara hava limanında yaradılmış şərait barədə ətraflı məlumat verilib.

Sonra nümayəndə heyəti Azərbaycanın mədəniyyət mərkəzi elan olunan Şuşa şəhərinə səfər edib.

Bildirilib ki, qısa zaman kəsiyində Şuşa şəhəri ərazisində bir neçə müasir hotel inşa edilməklə yanaşı, tarixi, dini abidələrin bərpası istiqamətində işlər görülür. Tikintisində Türkiyə şirkətlərinin də iştirak etdiyi Zəfər yolunun strateji əhəmiyyətindən söz açan Baş prokuror Cıdır düzünün xalqımızın qürur mənbəyinə çevrildiyini qonaqların diqqətinə çatdırıb.

Türkiyəli qonaqlar Şuşa şəhərinin mərkəzi meydanında Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərini ziyarət ediblər.

Şuşada qonaqlar Qala divarları, Azərbaycanın dahi şairi və ictimai-xadimi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi ilə tanış olublar. Sonra tarixi Şuşanın mərkəzi meydanında yerləşən və şəhər ərazisində tikilmiş ən qədim məscid - Yuxarı Gövhərağa məscidi ziyarət edilib. 

Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş Xalq artisti Bülbülün ev-muzeyini ziyafət edən qonaqlara məlumat verilərkən bildirilib ki, görkəmli musiqiçi 1982-ci ildən ev-muzeyi kimi fəaliyyət göstərən bu evdə anadan olub və uşaqlıq illərini burada keçirib.

CANLI YAYIM