Bakıda xeyriyyə məqsədilə “Qələbə qaçışı” təşkil olunacaq

Bakıda xeyriyyə məqsədilə “Qələbə qaçışı” təşkil olunacaq

27 Oktyabr, 16:19 Sosial mediada paylaşın:

Gənclər və İdman Nazirliyi noyabrın 9-da Bakıda “Qələbə qaçışı” adlı xeyriyyə tədbiri keçirəcək.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, “Qürurla irəli” şüarı ilə təşkil ediləcək qaçış ötən il rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin ildönümünə həsr olunub.

Xeyriyyə aksiyasının məqsədi xalqımızın həmrəyliyini, dövlət-xalq birliyini bir daha nümayiş etdirməklə, Vətən uğrunda canını fəda etmiş, yaralanmış qazilərə dəstək olmaq, müharibə dövründəki qalib xalq ruhunu daim yaşatmaqdır. Qaçış xeyriyyə aksiyası olmaqla yanaşı, həm də bədən tərbiyəsinin kütləviliyinə marağı artırmaq, idmanın inkişafına nail olmaq və əhali arasında sağlam həyat tərzinin təbliği baxımından faydalı olacaq.

Qaçışda iştirak üçün say limiti tətbiq olunacaq. Qeydiyyatdan ilk keçənlər qaliblər sırasında olmaq imkanı qazanacaqlar. Aksiyada 18 yaşdan yuxarı hər kəs iştirak edə bilər. Bunun üçün Təşkilat Komitəsinin təsdiqlədiyi Əsasnaməyə uyğun qaydada qeydiyyatdan keçmək lazımdır. Qeydiyyat üçün https://www.smartscoring.com/az/form linkindən istifadə olunmalıdır. Qeydiyyat prosesi noyabrın 7-də saat 18:00-da başa çatacaq. Qeydiyyat başa çatdıqdan sonra müraciəti qəbul edilmiş hər kəsin e-mailinə təsdiq məktubu və iştirakçı bələdçisi göndəriləcək. Qaçışa qoşulmaq istəyən hər kəs “YAŞAT” Fonduna minimum 20 manat iştirak haqqı ödəməlidir. Fonda daha yüksək məbləğdə ianə etmək də mümkündür.

“Qələbə qaçışı” Dənizkənarı Milli Parkda, “Elektra Hall”un qarşısından start götürəcək və 5000 metrlik məsafəni əhatə edərək Bakı Dəniz Vağzalının qarşısında başa çatacaq.

Günün maraqlı davamı üçün təşkilatçılar finişdə proqram hazırlayıblar. Tədbirin qaçış hissəsi başa çatdıqdan sonra iştirakçıları urban (şəhər) idmanı master klasları, maraqlı tədbirlər və digər sürprizlər gözləyir.

“Qələbə qaçışı”ndan sonra bütün iştirakçıların e-mail ünvanlarına təşkilatçıların təşəkkür əlaməti olaraq elektron sertifikatlar göndəriləcək.

Ətraflı məlumat üçün və ya qeydiyyat zamanı yarana biləcək hər hansı sualla bağlı 050 593-37-47 nömrəli mobil telefonla əlaqə saxlamaq və ya info@smartscoring.com e-mailinə yazmaq olar.

CANLI YAYIM