Milli Qəhrəman Şükür Həmidovun şəhadətinin ildönümüdür

Milli Qəhrəman Şükür Həmidovun şəhadətinin ildönümüdür

22 Oktyabr, 16:59 Sosial mediada paylaşın:

O elə bir zabit idi ki, şəxsi heyətinə döyüş tapşırığını verərkən qarşıda özü gedərdi. Rütbəsinə və vəzifəsinə baxmayaraq özünü şanlı Ordunun, bu xalqın əsgəri kimi görürdü... Bu millət, bu torpaq uğrunda da sevə-sevə canından keçdi. Azərbaycanın Milli Qəhramanı, şəhid polkovnik Şükür Həmidov. Sevənləri bu gün şəhadətinin ildönümündə məzarı başında onu yad etdilər.

Əslən Qubadlı rayonunundan olan şəhid zabitimiz doğulub boya-başa çatdığı və işğalda olan torpaqları azad etmək üçün mübarizəyə 5 il əvvəl Aprel döyüşləri ilə başlamışdı. Həmin vaxt Horadiz şəhərində "N" saylı hərbi hissənin komandiri olan Şükür Həmidov Cəbrayıl rayonu istiqamətində yerləşən Lələtəpə strateji yüksəkliyinin azad olunmasında rol oynayıb.  Vətən müharibəsində qəhramanımız Füzuli, Hadrut, həmçinin, 20 gün ərzində davam edən Arazboyu əməliyyatlar zamanı Cəbrayıl, Zəngilan və Qubadlı uğrunda gedən döyüşlərə komandanlıq edib. Bir çox strateji əhəmiyyətli kənd və yüksəkliyin azad olunmasında onun da payı var. Oktyabrın 20-də Qubadlı rayonu istiqamətində qəhraman zabitimizin də şəxsən iştirak etdiyi döyüşlər başlayıb. Bir gün sonra Azərbaycan Ordusunun bölmələri Qubadlı rayonunun 12-dən çox yaşayış məntəqəsinə daxil olub. Şükür Həmidov son olaraq Qubadlı şəhərinin bir addımlığında yerləşən Mahmudlu istiqamətində döyüşüb. Oktyabrın 22-də şəhadətə yüksəlib.

İndi onun adı kitablarda, xatirəsi isə qəlblərdə yaşayır. Qəhramanlıqları isə dövlət tərəfindən də unudulmadı. Sağlığında 10-dan çox medalla təltif olunan zabitimiz şəhadətindən sonra “Zəfər ordeni”, Füzulinin, Cəbrayılın, Qubadlının azad olunmasına görə və “Vətən uğrunda” medallarına layiq görülüb.

CANLI YAYIM