Qars müqaviləsinin əhəmiyyəti – O gündən 100 il keçdi

Qars müqaviləsinin əhəmiyyəti – O gündən 100 il keçdi

13 Oktyabr, 16:14 Sosial mediada paylaşın:

Birinci Dünya müharibəsi başa çatandan düz üç il sonra beynəlxalq qüvvələr bu qədim türk şəhərinə gələndə artıq Mustafa Kamal Paşanın rəhbərliyi altında başlayan istiqlal mücadiləsi Qarsı 40 il davam edən rus asılılığından xilas etmişdi. Türkiyə şərq sərhədlərini müəyyənləşdirmək istəyəndə ruslar da uzun bir dövrdə davam edən müharibələrdən əl çəkib Türkiyə ilə münasibətlərdə yeni səhifə açmağa çalışırdı. Beləcə, 1921-ci ilin payızında başlayan beynəlxalq konfransa Qars şəhəri ev sahibliyi edirdi.

1921-ci il sentyabrın 26-da Qarsda başlayan konfransda Türkiyəni Kazım Qarabəkir paşa, Rusiyanı isə Latviyadakı səlahiyyətli nümayəndə Yakov Qanetski təmsil edirdi. Tərəflərin əsas prinsipləri Qafqazla bağlı idi. Çünki Türkiyənin də, bolşevik Rusiyasının da şərq sərhədləri Qafqazda bitirdi. Bu sərhədlərin dəqiq müəyyənləşdirilməsi, iki ölkə arasında ərazi mübahisələrinə son qoyulması baxımından Qars konfransı müstəsna əhəmiyyət daşıyırdı.

Qars valiliyinin indiki binası da o illərin yeganə şahidi kimi hələ ayaqdadır və 100 il əvvəlki hadisəyə - Qars müqaviləsinin imzalanması mərasiminə ev sahibliyi edən bu binaya toplaşanlar, yəqin ki, hansı tarixi hadisəyə qol qoyduqlarının fərqində idilər. Tarix ən böyük ibrətdir və bu mənada Qarsdan çıxan ibrət dərsi sonrakı zaman kəsiyində bizim üçün də, dostlarımız üçün də əsas istinad nöqtəsi oldu.

Beləliklə, uzun və gərgin müzakirələrdən sonra 1921-ci il oktyabrın 13-də Qars müqaviləsi imzalandı. Bütün hallarda Ankara ilə yaxşı münasibətlərin qurulmasına çalışan bolşeviklər ermənilərin Naxçıvanla bağlı iddialarına qarşı çıxaraq veto hüququndan istifadə etdi. Nəticədə qərara alındı ki, bu region muxtar ərazi formasında həm Moskva, həm də Qars müqavilələrinə əsasən sovet Azərbaycanın protektoratı altında qalsın.

Müqavilənin Naxçıvanı Azərbaycanın tərkibində muxtar qurum kimi təsbit edən 5-ci maddəsini sovet Ermənistanı da daxil bütün tərəflər tanıdı və beləliklə, Naxçıvana uzanan namərd əllər siyasətçilərin qələmi ilə kəsildi. Əzəli Azərbaycan torpağı olan Naxçıvan öz əzəli sahiblərinin əlində qaldı.

Lakin 1991-ci ilin fevralında Ermənistan Qars müqaviləsi ilə müəyyən olunan sərhədi tanımadığını elan edəndə bu, daha çox Dağlıq Qarabağ uğrunda getdikcə artan iddiaları sanki leqallaşdırmağa xidmət edirdi.

Türkiyənin Milli Müdafiə Universitetinin professoru İbrahim Ethem Atnur deyir ki, ermənilərin imperialistlər vasitəsilə işğal etdikləri bölgələri 100 il öncə Kazım Qarabəkir onlardan almışdı: “1920-ci ilin noyabrında Gümrüdə divan qurulmuşdu. Gümrü sülh müqaviləsi imzalanmışdı.

Təsadüfə baxın ki, Azərbaycan ermənilərin işğal etdiyi torpaqları 100 il sonra Gümrü müqaviləsi ilə eyni tarixdə düşməndən azad etdi. Bu dəfə divanı İlham Əliyev qurdu”.

Bu divanın əsas qəhrəmanı olan Azərbaycan Türkiyənin siyasi dəstəyi ilə XXI əsrin həlli müşkül problemlərindən birini təkbaşına çözdü və tarixi qələbənin ən mühüm sənədlərindən biri bu zirvədə - Şuşada imzalandı. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa Bəyannaməsinə qol çəkməklə ölkələrimiz arasındakı həmrəyliyi, “bir millət, iki dövlət” anlayışını rəsmiləşdirdilər. Bəyannamənin ən mühüm maddələrindən biri hərbi əməkdaşlığı və müttəfiqliyi əhatə edir. Orada qeyd olunur ki, iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə onlar bir-birini qoruyacaqlar.

Bu Bəyannamə Azərbaycan və Türkiyə dövlətləri arasında bütün sahələrdə inteqrasiyanın nümunəsidir. Ən əsası isə Şuşa Bəyannaməsi region üçün yeni tarixi gerçəklikdir. Biz bu mümunəni 100 il əvvəl tarixi Qars müqaviləsi ilə müşahidə edirik, indi tarixin mirası Şuşa zirvəsində daha özəl və daha gözəl məna kəsb edir. Bu özəlliyin təməl prinsipi isə, istisnasız, qardaşlıqdır.

Qeyd edək ki, AzTV-nin “Jurnalist araşdırması” verilişi Qars müqaviləsinin 100 illiyinə həsr edilib. Verilişə bu gün saat 21:30-da baxa bilərsiniz.

Yunis Orucov

 

CANLI YAYIM