Türkiyəli nazir Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Türkiyəli nazir Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

12 Oktyabr, 12:21 Sosial mediada paylaşın:

Azərbaycanda səfərdə olan Türkiyənin ətraf mühit və şəhərsalma naziri Murat Kurumun rəhbərlik etdiyi nümayəndə heyəti ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevlə birgə oktyabrın 12-də Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.

Nümayəndə heyəti Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər güllər düzüb.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər qoyulub.

Nümayəndə heyəti, həmçinin Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.

Daha sonra nümayəndə heyəti Şəhidlər xiyabanında 1918-ci ildə Bakının bolşevik-erməni daşnak qoşunlarından azad edilməsi uğrunda döyüşlərdə həlak olmuş qəhrəman türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsinin önünə əklil qoyub, onların adları və soyadları həkk olunmuş Şəhidlik kitabəsinin üzərinə güllər düzüb. Murat Kurum xatirə kitabına ürək sözlərini yazıb.

Nazir bildirib ki, burada uyuyan şəhidlər azərbaycanlı qardaşları ilə birlikdə düşmənlərə qarşı vuruşublar. Bununla da iki dövlət, bir millət olduğumuzu göstəriblər. Bu qəhrəmanlıqlardan ilham alan azərbaycanlı qardaşlarımız illər sonra işğal altında olan Qarabağı azad etdilər.

CANLI YAYIM