Samuxda şəhid ailələri və müharibə əlillərinə mənzillər verilib

Samuxda şəhid ailələri və müharibə əlillərinə mənzillər verilib

11 Oktyabr, 16:33 Sosial mediada paylaşın:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Samux rayonundakı yeni çoxmənzilli yaşayış kompleksindən şəhid ailələri və müharibə əlillərinə mənzillərin verilməsinə başlanıb. 50 mənzil Samux və Şəmkir rayonlarının bu kateqoriyalardan olan sakinlərinə təqdim edilib.

Nazirlikdən verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev postmüharibə dövründə şəhid ailələrinin üzvləri, qazilər, erməni terrorundan zərər çəkənlərdən ibarət 31 min insanın çevik və genişmiqyaslı sosial dəstək paketi ilə əhatə olunduğunu, onlara 39 minədək xidmətin göstərildiyini deyib.

Bildirib ki, Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlə təminatı proqramı üç il əvvələ nisbətən bu il 5 dəfə genişlənib: 2021-ci ildə 3 min mənzil və fərdi evin təqdim edilməsi işləri aparılır. Onlardan artıq 1700 mənzil təqdim edilib. Bu günə qədər isə 11 minə yaxın mənzil və fərdi ev bu kateqoriyalardan olan vətəndaşlara verilib.

S.Babayev dövlət başçısının 25 yanvar 2021-ci il tarixli Sərəncamı ilə 2021-2025-ci illərdə şəhid ailələrinə və müharibə əlillərinə 11 min mənzil və fərdi evin veriləcəyini diqqətə çatdırıb. Qeyd edib ki, 44 günlük Vətən müharibəsi şəhidlərinin ailələri və qazilərimiz uçota alındıqdan çox qısa zaman sonra artıq onların mənzillə, eləcə də müharibə əlilərinin avtomobillə təminatı həyata keçirilir. 

Samux rayonundakı yeni çoxmənzilli yaşayış kompleksi 9 binadan ibarət olmaqla 200 mənzillidir. Müasir tələblərə uyğun infrastrukturun yaradıldığı yaşayış kompleksində 144 şagirdlik məktəb, 50 yerlik bağça, klub icma mərkəzi, 2 idman meydançası da var.

CANLI YAYIM