"The Best" ətrafında qalmaqal: səslər "yoxa çıxıb"?

"The Best" ətrafında qalmaqal: səslər "yoxa çıxıb"?

26 Sentyabr, 16:39 Sosial mediada paylaşın:

FİFA-nın The Best mükafatı ilə bağlı qalmaqal yaranıb. Belə ki, bir neçə ölkənin futbol federasiyası səslərinin "yoxa çıxdığını" açıqlayıb.

Nikaraqua millisinin kapitanı Xuan Barreranın Messiyə səs vermədiyi halda sorğunun nəticəsində adının Messiyə səs verənlər arasında olduğu iddia olunub.

“Mən The Best mükafatında Messiyə səs verməmişəm. Adımı Messiyə səs verən kapitanlar sırasında görəndə təəccübləndim. Ümumiyyətlə, mən səsvermədə iştirak etməmişəm. FİFA iddia edir ki, sorğu siyahısını mənim email ünvanıma göndərib. Amma mən siyahı almamışam. Necə olur ki, sorğuya ümumiyyətlə, qatılmadığım halda, adım səsverənlər siyahısına düşür? ” – deyə Barrera bildirib.

FİFA-nın açıqladığı səsvermə siyahısında Xuan Barreranın 1-ci yerə Messi, 2-ci yerə Sadio Mane, 3-cü yerə isə Kriştiano Ronaldonun adını yazdığı qeyd edilib. Bununla bağlı qurum artıq Barreranın imzası olan sənədi yayımlayıb.

Başqa bir iddiaya görə, FİFA Misir millisinin baş məşqçisi Xavyer Aqirre və kapitan Ahmed Al-Məhəmmədin "The Best"in sorğusu üçün səslərini nəzərə almayıb.

Bu barədə Misir Futbol Federasiyasının saytı məlumat yayıb. Bildirilib ki, qeyd olunan hər iki şəxs dünyanın ən yaxşı futbolçusu ilə bağlı sorğuda 5 xalı millinin və "Liverpul"un hücumçusu Məhəmməd Salaha verib. Ancaq səsvermənin dərc olunmuş yekun siyahısından Misirdən təkcə jurnalistin səsi nəzərə alınıb.

Federasiyanın saytı yazıb ki, səsvermə ilə bağlı FİFA-ya rəsmi cavab avqustun 15-də göndərilib. Həmin ayın 19-u isə təsdiq cavab verilib. Bununla belə dünyanın ali futbol qurumu baş məşqçi və kapitanın səsini nəzərə almayıb. Misir Futbol Federasiyası bununla bağlı araşdırma apardığını vurğulayıb. Çünki qurum hesab edir ki, FİFA-ya məlumatları nizamnaməyə uyğun olaraq vaxtında göndərib.Qeyd edək ki, Nikaraqua millisinin futbolçusu Xuan Barrera da ardıcıl 6-cı dəfə ən yaxşı seçilən L.Messiyə səs vermədiyini iddia etsə də, FİFA bunun əksini sübuta yetirib.

CANLI YAYIM