Nar yığımı başlanır: bolluq olacaq - VİDEO

Nar yığımı başlanır: bolluq olacaq - VİDEO

25 Sentyabr, 16:44 Sosial mediada paylaşın:

Son 6  ildə Göyçay rayonunda 1016 hektar nar bağı salınıb. Rayonda ümumilikdə 3 min 627 hektar nar bağı var. Bu bağların 3 min 327 hektarı bar verir.

Məlumata görə, ötən il göyçaylı fermerlər və fərdi təsərrüfat sahibləri 31 min ton nar tədarük edərək, təxminən 3 milyon manat qazanc əldə ediblər.

Narın 40 faizi Rusiya, Ukrayna və Gürcüstan bazarlarına çıxarılıb. Bu il rayonda təxminən 33 min ton nar tədarükü gözlənilir.

Qarayazı, Alxasava, Qaraməryəm, Yekəxana, Bığır, Qarabaqqal və Qaraxıdır kəndlərində salınan bağlarda əsasən, “Gülövşə”, “Vələs”, “Şəndi”, “Şirin”, “Bala Mürsəl” nar sortları becərilir.

Mütəxəssis Famil Nəbiyev ənənəvi üsulda bağların salınmasının məqsədəuyğun olmadığını hesab edir: “İntensiv bağların salınması məqsədəuyğundur. Bağlar bu üsulla salınan zaman hər hektara düşən ağac sayı artıq olur ki, bu da birbaşa məhsuldarlığa təsir göstərir. Rayonumuzda ötən il hər hektara düşən məhsuldarlıq 94 sentner olub. Bu il məhsuldarlığın yüksək olacağını gözləyirik”.

Qaraxıdır kəndində 50 hektar ərazidə salınan bağ artıq ikinci ildir ki, bar verir. Bağ sahibi, fermer Eyvaz Səmədov pilot layihə çərçivəsində İtaliya və İsrailə səfərləri zamanı görüb öyrəndiklərini tətbiq edir.

Fermerin sözlərinə görə, tinglərin əkinindən başlayaraq becərmə, budama daxil bütün mərhələlərdə müasir üsullardan istifadə olunur: “İndi bir ağacda 20-25 kiloqram nar var. Amma əsl narçının hədəfi bir ağacdan 50-40 kiloqram nar almaqdır. Mənim də hədəfim odur”.

Bağban Pərviz Qasımov da məhsuldarlığın yüksək olacağını proqnozlaşdırır. Bunu da son illərdə sahibkarlar və fermerlərin becərmə dövründə daha çox elmi yanaşmalara yer verməsi, eləcə də intensiv bağçılığı üstün tutmaları ilə əsaslandırır. 

CANLI YAYIM