Ermənistan silahlı qüvvələri Sədərək rayonu istiqamətində təxribata əl atıblar: yanğınlar törətməyə cəhd ediblər

Ermənistan silahlı qüvvələri Sədərək rayonu istiqamətində təxribata əl atıblar: yanğınlar törətməyə cəhd ediblər

25 Avqust, 19:31 Sosial mediada paylaşın:

Ermənistan silahlı qüvvələrinin bölmələri Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində təxribata əl ataraq yanğınlar törətməyə cəhd ediblər.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən bildirilib ki, son günlər düşmən Ermənistan tərəfi yerli mediya orqanlarının və ermənilərə himayədarlıq edən xarici kütləvi informasiya vasitələrinin köməyi ilə Naxçıvan Muxtar Respublikasının həmsərhəd olduğu ərazilərin, xüsusilə də Arazdəyən yaşayış məntəqəsinin Azərbaycan hərbçiləri tərəfindən atəşə tutulması dezinformasiyalarını yaymaqla məşğuldur. 44 günlük Vətən müharibəsi ilə məğlubedilməzlik mifi darmadağın edilən və bu gün xaosun hökm sürdüyü erməni ordusunda qeyri-döyüş şəraitində baş verən itkilərin, xüsusilə də intihar hallarının ört-basdır edilməsi üçün guya müxtəlif mənbələrdən alınmış yalan məlumatların yayılması ilə ordumuz haqqında mənfi düşüncələrin yaradılmasına çalışılır, Azərbaycan mövqeləri atəşə tutularaq vəziyyət gərginləşdirilir.

Ermənistan - Azərbaycan dövlət sərhədinin Arazdəyən-Sədərək istiqamətində həm şəxsi heyətə, silah və texnikaya qarşı düşmən təxribatlar törədir, həm də ərazilərimizə ekoloji ziyanın vurulması üçün mütəmadi olaraq müxtəlif üsullara əl atılır. Düşmənin bu təxribatlarının qarşısı bölmələrimiz tərəfindən qətiyyətlə alınır.

Ermənistan - Azərbaycan dövlət sərhədinin Arazdəyən-Sədərək istiqamətində çəkilişlər aparan zaman erməni hərbçilərinin mövqelərimizi atəşə tutması ilə bərabər törətdikləri ekoloji terrorun da şahidi olduq. Revanşizm xülyaları ilə yaşayan düşmən əlindən bir iş gəlmədiyində müxtəlif üsullarla mövqelər arasındakı neytral əraziləri və əkin sahələrimizi yandırmağa cəhd edir. İnsanlığa faydalı bir iş görə bilməyən erməni vandallarının törətdikləri yanğınlar elə öz mövqelərinə od salıb. Şəkillərdən də göründüyü kimi bizim əsgərlərimiz ərazilərimizdəki yanğını söndürüblər. Düşmən komandanlığının öz əsgərinə etmədiyi yaxşılığı və insanpərvərliyi edən Azərbaycan tərəfi humanist addım ataraq yanğının söndürülməsi üçün şərait yaradıb. Amma bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğınları söndürərkən erməni tərəfdən atəşə tutulmuşdular və nazirliyin bir nəfər yanğınsöndürən zabiti güllə yarası almışdı. Dezinformasiyalarla öz əhalisini və dünya ictimaiyyətini aldatmağa davam edən düşmən tərəfi guya İrəvan-Arazdəyən-Kərki istiqamətindəki yolun da atəşə tutulduğu yalanını tirajlayır. Arazdəyən istiqamətində çəkilişlər aparan zaman həmin yolun tam işlək vəziyyətdə olduğunu gördük. Çəkilişlər zamanı qarşı tərəfin mövqeləri arasında mülki geyimdə bir neçə nəfərin gəzişdiyinin şahidi olduq. Əgər atəşkəs bizim tərəfdən pozulursa və ilk atəşi biz açırıqsa o zaman düşmən əsgərləri niyə bu cür rahat hərəkət edirlər? Çünki erməni tərəfi Azərbaycan Ordusunun hərbi qulluqçularının heç vaxt mülki əhaliyə atəş açmadığını yaxşı bilir. Məhz ona görə də erməni komandanlığı öz hərbçilərini qəsdən mülki geyimdə ön xətt boyu təxribatlara cəlb edir. Çəkiliş müddətində görüb şahidi olduq ki, əməliyyat şəraiti Əlahiddə Ümumqoşun Ordunun bölmələrinin tam nəzarətindədir və Naxçıvan sərhədi boyu erməni vandallarının törədə biləcəyi təxribatlarının qarşısı qətiyyətlə alınır və alınacaqdır.

CANLI YAYIM