Televiziya kanalları ilə əməkdaşlığa dair işçi qrupunun ilk iclası keçirilib

Televiziya kanalları ilə əməkdaşlığa dair işçi qrupunun ilk iclası keçirilib

24 İyul, 13:29 Sosial mediada paylaşın:

Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyinin Televiziya kanalları ilə əməkdaşlığına dair işçi qrupunun ilk iclası keçirilib.

Nazirlikdən bildirilib ki, iclasda AzTV, İctimai TV, Real TV, Xəzər TV, ATV, CBC TV kanallarının nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Mədəniyyət Nazirliyinin aparat rəhbəri Vasif Eyvazzadə televiziya işçilərini salamlamaqdan məmnunluğunu bildirib. V. Eyvazzadə ölkə başçısının gənclərin maarifləndirilməsi, dilimizin zənginliyinin, saflığının qorunması ilə bağlı tapşırıqlarını diqqətə çatdıraraq, televiziya kanalları ilə əməkdaşlıqda bu məqamları rəhbər tutmağın vacibliyindən söz açıb.

Cari ilin fevralında mədəniyyət naziri Anar Kərimovun Azərbaycanın televiziya kanallarının rəhbərləri ilə görüşünü xatırladaraq, birgə sıx əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

V. Eyvazzadə interaktiv müzakirə şəklində davam edən iclasda mədəniyyətin müxtəlif sahələrinin, xüsusilə kino, incəsənət, memarlıq irsimizin təbliğatının vacibliyindən danışıb.

Mədəniyyət Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadə dilimizin, adət-ənənələrimizin gələcək nəsillərə ötürülməsində televiziyanın əvəzsiz rolundan bəhs edib.

İclasda iştirak edən televiziya əməkdaşları Mədəniyyət Nazirliyi ilə əməkdaşlıqdan məmnunluqlarını bildiriblər. Bu əməkdaşlığı dərinləşdirmək üçün hədəf qruplarının yaradılması və birgə layihələrin hər bir televiziyanın öz auditoriyası ilə uzlaşdırması kimi mühüm məsələlər müzakirə edilib.

Sonda iş planı və yol xəritəsi müəyyən olunub.

CANLI YAYIM