Şəkinin daha bir incisi - ŞƏKİXANOVLAR SARAYI

Şəkinin daha bir incisi - ŞƏKİXANOVLAR SARAYI

20 Sentyabr, 18:33 Sosial mediada paylaşın:

2700-dən artıq yaşı olan Qədim Şəki öz tarixi abidələr ilə nəinki ölkəmizdə, bütün dünyada məşhurdur. İlin hər fəslində turistlərə qapılarını açan Yuxarı Baş Dövlət Tarix Memarlıq qoruğunda təkcə 25 tarixi abidə qorunur. Bunlardan biri də “Otaq eşiyi” məhəlləsində, XVIII əsrdə inşa edilən Şəkixanovların evidir.

18-ci əsrin ikinci yarısında Məhəmməd Hüseyn Xanın sifarişi ilə inşa edilmiş, ilk saray tipli ev yaşayış məqsədli inşa edilib. Bu ev 6 otaqdan və 4 dəhlizdən ibarətdir.

İki mərtəbəli hündür, əzəmətli binanın həyətinə ayaq basdıqda, insan özünü həqiqətən də Xan evində hiss edir. Yerli memarlıq üslubuna uyğun inşa edilən bu binada zəngin dekorativ elementlər işlənilib. Elə bunun nəticəsində də ev əsl muzeyi xatırladır. Binanın tikintisində gildən istifadə olunub ki, bu da otaqları yayda sərin, qışda isə isti saxlayıb. Binaya iki ayrı giriş və pilləkən var.

Burda qadın və kişilərin qarşılaşmaması üçün iki ayrı pilləkənlər nəzərdə tutulub. Bu pilləkənlərdən evin xanımları çıxaraq öz ibadət və istirahət otaqlarına keçiblər. Bu otaqda gördüyümüz kimi heç bir insan və heyvan təsvirinə rast gəlinmir.Çünki İslam dininə görə ibadət olunan otaqda insan və heyvan təsviri olmamalıdır.

Digər otaq isə öz mürəkkəb və rəngarəng tərtibatı ilə fərqlənir. Burda şəbəkə formalı pəncərələrdən süzülən günəş şüaları, rəngarəng rəsmlər, müxtəlif qızıl suyu ilə çəkilmiş naxışlar, fərqli fiqurlarla yığılmış güzgülər, insanı lap sehrli aləmə aparır.

Burda şəbəkə sənəti xanın istəyinə uyğun olaraq xüsusi rənglərlə işlənilib. Belə ki, burda 4 rəngdən istifadə olunub ki, həmin 4 rəng, ilin 4 fəslini tərənnüm edib. Bunlardan qırmızı yayı, sarı payızı, mavi soyuq qış aylarını, füruzəyi isə yazı təmsil edib.

Deyilənlərə görə xan istədiyi fəsili görmək üçün həmin aynalardan baxarmış. Zaman keçdikcə sıradan çıxan bu şəbəkə aynaları, həmçinin binanın özü 2012-ci ildə restavrasiya olunaraq muzey kimi fəaliyyətə başlayıb.

Evin hər bir mərtəbəsi üç otaqdan və iki böyük olmayan dəhlizdən ibarətdir. Birinci mərtəbədəki otaqlar qış yaşayış otaqları olduğu üçün burada "buxarılar" yerləşdirilib. İkinci mərtəbə qonaqlar üçün nəzərdə tutulub. Buradakı salonunun interyerində əsas yeri eninə yerləşən dekorativ buxarı təşkil edir. Buxarı şəkillərlə bəzənib və bütün interyer ona uyğun işlənib.

Qeyd edək ki, “Şəki Xanlarının evi” Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğunun tərkibində fəaliyyət göstərir. Ümumilikdə isə  Şəkidə 84 dünya və yerli əhəmiyyətli memarlıq abidəsi var.

 

 

CANLI YAYIM