“Bulla-dəniz” yatağından REPORTAJ

“Bulla-dəniz” yatağından REPORTAJ

20 Sentyabr, 15:48 Sosial mediada paylaşın:

Neft-qaz sənayemizdə mühüm əhəmiyyətə malik yataqlarımızdan biri də “Bulla dəniz”dir. Böyük neftçi ordumuzun kiçik bir qismi burada çalışır. Onların dənizin ortasında necə yaşadıqları və çalışdıqlarını əməkdaşımız Günel Fezyullayevanın reportajında görəcəyik.

3.33 - İlk baxışdan adi rəqəmdir. Lakin özülə daxil olarkən belə bir birkaya sahib olmaq vacibdir. Bu ekstrimal şəraitdə neftçilərin köməyinə çatır.

Bu haqda bir qədər sonra.. “Bulla-dəniz” yatağının 12 saylı stasionar dəniz özülündəyik. Niyə məhz burda? Çünki, ötən ilin sonunda istismara verilən bu yüksək təzyiq və temperatur quyusu dünyada neft-qaz sənayesində beş ağır strukturdan biri sayılır. “Bulla dəniz” Bakı arxipelaqında kəşf olunmuş yataqlar içərisində zənginliyi və gələcək axtarış-kəşfiyyat işlərinin perspektivliyi baxımından mühüm əhəmiyyətə malikdir.

Şahsuvar Muxtarov (neftçi):

-      Dünyanın ən qabaqcıl texnologiyaları quraşdırılıb. Burada o texnologiyada qazma işi aparılıb. Onu da deyim ki, SOCAR tarixində ilk dəfə olaraq kəmər bir seksiyada buraxılıb. Belə kəmərlər adətən iki seksiyada buraxılır.

***

Özüldə növbəli sistemlə 100-ə yaxın neftçi çalışır. Şahsuvar Muxtarov da onlardan biridir. Təcrübəli neftçinin mavi sularla  tanışlığından artıq 30 il ötür. Neft buruqlarında ilk gününü indiki kimi xatırladığını deyir.

Qəhrəmanım mavi Xəzəri özünün ayrılmaz parçası hesab edir.  Deyir ki, dənizdə hava heç də həmişə sakit olmur. Güclü qasırğa xəbərdarlığı olunanda neftçilər özüldən dərhal təxliyyə edilir. Bu zaman isə neftçilər bizə də təqdim olunan birkadan yerlərinə uyğun istifadə edirlər. Hər kəs öz nömrəsinə  uyğun qayıqlarda yerini tutur. Ümumiyyətlə, özüldə təhlükəsizlik qaydalarına ciddi əməl olunur. Neftçilərin sağlamlığından tutmuş, qidalanmasına kimi hər şey yüksək səviyyədə təşkil olunub.

35 ilə yaxındır neftçilər üçün ləziz yeməklər hazırlayan Əzizağa Pirverdiyev:

-      Hər gün gün ərzində 80 nəfərə qulluq edirik. Günorta yeməyi və gecə smenində olan  hardasa 20-25 nəfərə qulluq olunur. Üstünlük verilir Azərbaycan mətbəxinə, hərdən Avropa mətbəxi də olur.

***

Xatırladaq ki, bu gün Azərbaycan neftçilərinin peşə bayramıdır. Bu bayramı onlara ulu öndər Heydər Əliyev qazandırıb.  Ona görə də neftçi adını qürurla daşıdıqlarını bildirirlər.

Şahsuvar Muxtarov (neftçi):

-  İnsan bir il, üç il ya dənizdə işlədikdən sonra düşünür ki, mən elə dənizdə işləməliyəm. Başqa sahədə çalışa bilmərəm, işləyə bilmərəm. Bir də onu deyim ki, insan hər hansı sahədə işləyirsə, əgər öz işini sevirsə, o onun üçün daha gözəldir, daha rahatdır.

Artıq qayıtmaq vaxtıdır. Yüksəklikdən “Bulla dəniz”ə baxıb,  ürəyimizdən bir arzu keçiririk. Yerin təkindən, Xəzərin dibindən çıxardığınız sərvət tükənməsin!

Günel Feyzullayeva, Urfan Əliyev

 

 

CANLI YAYIM