Teleradio Akademiyası yeni tədris ilində...

Teleradio Akademiyası yeni tədris ilində...

19 Sentyabr, 11:56 Sosial mediada paylaşın:

Kütləvi kommunikasiya vasitələri, xüsusilə də televiziya və radio kadrlarının hazırlığı məsələsi hər zaman olduğu kimi, bu gün də aktualdır.

Bu mövzu ətrafında vaxtaşırı müzakirələr gedir. Televiziya və radio məkanı dinamik, daim yenilənən bir məkandır. Yeni texnologiyalar şəraitində bu məkanda çalışan peşəkar teleradio işçilərinin hazırlığı ilə bağlı  "universal jurnalist" anlayışına tez-tez rast gəlirik. Sual oluna bilər: bu gün "çoxfunksiyalı (hərtərəfli) jurnalistə" ehtiyac varmı? Əlbəttə, fikirlər müxtəlifdir.

Məsələn, bir çox praktik-jurnalistlərin mülahizələrinə görə, televiziya və radio jurnalisti mətn yazmağı və redaktəni bacarmalı, onun lazımi təqdimat formatını müəyyənləşdirməli, çəkiliş texnikasını, montajı bilməlidir. Bununla yanaşı, müəyyən ixtisaslaşmada da peşəkar olmalıdır. Lakin belə fikirlər də söylənilir ki, vacib deyil jurnalist bir əlində qələm, digərində isə kamera ilə çəkiliş etsin. Bunlar müxtəlif ixtisaslaşmalardır, hərənin də öz mütəxəssisi var. Beləliklə, teleradio yayımın universal xüsusiyyətləri olan, dinamizm və dəyişkənlik mühitində işləyən jurnalist yeni informasiya dövrünün tələblərinə uyğunlaşmalı, hazır olmalıdır.

Azərbaycanda jurnalist hazırlığı... Tarixə nəzər... 

Azərbaycanda jurnalist kadrlarının hazırlığı məsələləri daim diqqət mərkəzindədir. Hələ XX əsrin 20-ci illərindən fəaliyyət göstərən jurnalist hazırlığı, qəzet işi və stenoqrafiya kurslarının əsas məqsədi respublikada və onun hüdudlarında ixtisaslı jurnalistlərin yetişməsi idi.

1981-ci ildə jurnalistika fakültəsində "Tərcümə, televiziya və radio jurnalistikası kafedrası" (1998-ci ildən Televiziya və radio jurnalistikası kafedrası) açıldı. Jurnalistika fakültəsinin qəzetçilik, tərcümə, kütləvi ədəbiyyatın redaktəsi ilə yanaşı, televiziya və radio jurnalistikası sahəsində ixtisaslı kadr hazırlanması məsələsinə xususi fikir verilirdi.

BDU jurnalistika fakültəsində (bakalavr pilləsində) və əksər jurnalistika fakültələrində universal jurnalist hazırlığına üstünlük verilir.

Müasir dövrdə yaradıcılıq bacarığını və texniki vərdişləri özündə birləşdirən  peşəkar kadrlara (operator, rejissor, işıqçı və s.) böyük ehtiyac var. Jurnalist ixtisaslı təhsil müəssisələrindən fərqli olaraq Teleradio Akademiyasının əsas məqsədi açıq informasiya mühitini və mədəni məkanı inkişaf etdirmək, peşəkarlığı artırmaq, professionallığı yüksəltməkdir.

Bu il Teleradio Akademiyası fəaliyyətinin yeni mərhələsinə başladı. Azərbaycan Televiziya və Radiosu  rəhbərliyinin təşəbbüsü və dəstəyi ilə ümumi teleməkan üçün kadr hazırlığına start verildi, teleradio işçiləri ilə birgə alitəhsilli, televiziya və radioda işləmək həvəsi olan hər kəs üçün belə imkan yaradıldı.

Teleradio Akademiyasına qəbul müsabiqə yolu ilə, üç mərhələli seçimə əsasən keçirilir. Burada təhsil ikili prinsipə əsaslanır: ənənələrin saxlanılması və innovasiyaların tətbiqi. Nəzəri dərslərdə dinləyicilər televiziya və radio aparıcılığının sirlərini mənimsəyir, düzgün danışıq texnikasını, ünsiyyət qurmağı, müsahibə almağı, bu işin bir çox incəliklərini öyrənirlər. Bununla yanaşı, tədris prosesində müdavimlərin praktik iş qabiliyyətinin inkişafı, peşəkarların təcrübəsindən bəhrələnərək teleradio işinin vacib məqamları ilə tanışlıq, yazı və redaktə bacarığı, kadrda işləmək, çəkiliş prosesində müxbir, operator və rejissor işbirliyi vərdişlərinə xüsusi diqqət verilir. Seçilən ixtisasa uyğun təlimlər keçirilir. Tədrisdə Azərbaycan Televiziyasının pedaqoji sahədə də təcrübə qazanan peşəkarları, nəzəriyyəçi mütəxəssisləri, tanınmış teleradio aparıcıları, təcrübəli telerejissorlar, operatorlar, mədəniyyət, incəsənət xadimləri illərlə qazandıqları praktik bilik və bacarıqları ilə bölüşüblər. Dinləyicilər televiziya və radio verilişlərinin, xəbər buraxılışlarının hazırlanması proseslərində iştirak edir, illərlə tamaşaçı sevgisi, dinləyici rəğbəti qazanan peşəkarlarla ünsiyyətdə uğur düsturunu öyrənirdilər. Müxbir, redaktor, aparıcı, operator və rejissor işbirliyində hazırlanan materialların ən yaxşısı Azərbaycan Televiziya və Radiosunda yayımlandı. 

Tədris müddətində müdavimlər "AzTv", "Mədəniyyət" və" İdman Azərbaycan" kanallarında təcrübə proqramları keçiblər. Bu, onlara teleradio məkanı ilə bir daha yaxından tanış olmaq, istehsalat prosesini izləmək və iştirakçısı olmaq imkanı verdi. "İnformasiya proqramları", "İctimai-siyasi proqramlar və xarici xəbərlər" studiyasında, televiziya və radionun səhər musiqi-informasiya proqramı redaksiyalarında ustad dərsləri alıblar. Onların bəziləri artıq Azərbaycan televiziyasının əməkdaşlarıdır. 

Akademiyada  təchiz olunmuş auditoriyalar, tədris studiyası, montaj otaqları, kitabxana var. Gələcəkdə akademiyanın texniki bazası daha da təkmilləşdiriləcək.       

Fəaliyyətin əsas istiqamətləri... 

Teleradio Akademiyasının əsas üstünlüklərindən biri də dinləyicilərin ixtisasartırması və təcrübə mübadiləsində televiziya, radio və yeni medianın aktual problemləri çərçivəsində konfrans, seminar, müxtəlif tədbirlərin keçirilməsidir. Məsələn, tədris prosesində yerli və xaricdən dəvət olunan televiziya işçiləri, tanınmış incəsənət adamları, siyasi xadimlər və məşhur şəxslərlə görüşlər təşkil olundu. Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov, Azərkosmos cəmiyyətinin nümayəndələri Akademiyanın qonağı oldular. Teleradio Akademiyasında elmi yaradıcılığa da xüsusi diqqət yetirilir. Televiziya və radionun müasir problemlərinə dair elmi seminarlar təşkil olunur. BDU-nun jurnalistika fakültəsinin professor və müəllim heyəti ilə görüşdə "Qloballaşma dövründə Televiziya və Radionun inkişaf tendensiyası və perspektivləri" mövzusunda maraqlı müzakirələr keçirildi. Televiziya və radio jurnalistikasının müxtəlif aspektlərinə dair elmi-nəzəri məqalələr hazırlanır. Yaxında Teleradio Akademiyasının xüsusi elmi məqalələr toplusu çap olunacaq.

Yeni tədris ilində Teleradio Akademiyasında aparıcı, reportyor, redaktor, rejissor və operator peşələrinə növbəti qəbulla bağlı hazırlıq gedir. Montaj rejissoru, səs rejissoru, onlayn jurnalistika, vətəndaş jurnalistikası, idman jurnalistikası, reklam və PR mütəxəssisi, fotojurnalistika, televiziya prodüsserliyi, fond materiallarının bərpası işinin təşkili kimi mövzularda seminarların keçirilməsi də nəzərdə tutulur.

Ümumilikdə, Teleradio Akademiyası  fəaliyyət sahəsinin genişlənməsi və inkişafı istiqamətində yeni layihələr üzərində müzakirələr aparır, teleradio işçilərinin ixtisaslı kadr hazırlığı, peşəkarlığın  artırılması istiqamətində tutduğu yolu uğurla davam etdirir.      

Teleradio Akademiyası...

14 iyun 2010-cu ildə Azərbaycan Televiziya və radio verilişləri Qapalı Səhmdar cəmiyyətinin nəzdində  Teleradio Akademiyası açılıb. Akademiyanın ilk rektoru sənətşünaslıq namizədi Etibar Babayev olub. Fəaliyyəti dövründə Akademiyada Azərbaycan televiziyasının əməkdaşları üçün yerli və xarici mütəxəssislərin iştirakı ilə ixtisasartırma təlimləri, ustad dərsləri keçirilib, uzunmüddətli ingilis və rus dili kursları təşkil olunub. Hazırda Teleradio Akademiyasının rektoru fəlsəfə doktoru Faiq Hüsiyevdir.

Sevinc MƏMMƏDOVA
BDU-nun dosenti, Teleradio Akademiyasının prorektoru

CANLI YAYIM