Bədii gimnastika üzrə dünya çempionatı: Üçüncü günün yekunları

Bədii gimnastika üzrə dünya çempionatı: Üçüncü günün yekunları

18 Sentyabr, 22:04 Sosial mediada paylaşın:

Bakının ev sahibliyi etdiyi bədii gimnastika üzrə 37-ci dünya çempionatının üçüncü günündə fərdi proqram üzrə gürzlər və lentlə təsnifat yarışları keçirilib.

“Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan yarışda milli komandamızın heyətində Zöhrə Ağamirova, Veronika Qudis və Məryəm Səfərova xalça üzərinə çıxıblar. Hər üç gimnastımızın çıxış etdiyi A qrupunda M.Səfərova 24-cü, V.Qudis 26-cı, Z.Ağamirova isə 28-ci nömrə altında lentlə proqramlarını təqdim ediblər. Təmsilçilərimizin yer aldıqları qrupda 42 gimnast mübarizə aparıb. Ümumilikdə fərdi proqramda çıxış edən gimnastlar dörd qrup üzrə yarışıblar.

Gimnastlarımız Z.Ağamirova 18.700, V.Qudis 17.150, M.Səfərova isə 10.450 xal toplayıblar.

Azərbaycan və Fransa yığmaları dünya çempionatının fərdi çoxnövçülük üzrə komanda yarışlarında eyni xal toplayıblar. Hər iki komandanın hesabında 119.900 xal var və yığmalar 18-19-cu yerləri bölüşürlər. Komanda hesabında 164.800 xalla Rusiya millisi liderlik edir.

Sentyabrın 19-da gürzlər və lentlə təsnifat yarışları təşkil olunacaq. Eləcə də gürzlər, lentlə və komanda hesabında yarışlarda qaliblər müəyyənləşəcək.

Xatırladaq ki, çempionatda fərdi proqramda çoxnövçülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast olmaqla) Olimpiadaya lisenziya qazanacaqlar. Qrup hərəkətləri komandalarına gəldikdə isə ötən ilin dünya çempionatının nəticələrinə əsasən, Bolqarıstan, Rusiya və İtaliya artıq lisenziyanı təmin ediblər. Çempionatda çoxnövçülük xalları üzrə daha 5 ən yaxşı komanda Olimpiadaya vəsiqə əldə edəcək.

“Nağıllar gerçəkləşəcək” devizi altında təşkil olunan çempionatda 61 ölkədən 300-dən artıq gimnast 9 dəst medal uğrunda mübarizə aparır. Azərbaycan dünya çempionatına 9 gimnastla qatılıb.

Mənbə: AZƏRTAC

CANLI YAYIM