Azərbaycan məhsulları Asiyanın ən böyük ərzaq sərgisi hesab olunan “Sial China”da nümayiş olunub

17 May, 12:40 Sosial mediada paylaşın:

Azərbaycan məhsulları Asiyanın ən böyük ərzaq sərgisi  hesab olunan “Sial China”da nümayiş olunub. Sərgi “Made in Azerbaijan” brendi ilə istehsal olunan məhsulların Çin, habelə ümumilikdə Asiya bazarlarına ixracı üçün böyük imkanlar açır.

Böyüklüyünə görə Asiyada birinci, dünyada isə 3-cü qida sərgisi hesab olunan “SİAL China” beynəlxalq ərzaq sərgisində Azərbaycan xüsusi dizaynla hazırlanan vahid ölkə stendi ilə təmsil olunub. İqtisadiyyat Nazirliyin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə ixrac missiyasına daxil olan 12 şirkət məhsullarını "Made in Azerbaijan" adı altında sərgiləyib, 7 şirkət isə fərdi qaydada qoşulub. Çinin Şanxay, Urumçi və Lucou şəhərlərində fəaliyyət göstərən ticarət və şərab evləri vasitəsilə də Azərbaycan məhsulları "Made in Azerbaijan" vahid ölkə stendində nümayiş olunub. İxracatçılarımız istehsal etdikləri və yetişdirdikləri rəqabətqabiliyyətli məhsulları nümayiş etdirməklə yanaşı, ziyarətçilərə ölkəmizdəki əlverişli biznes və investisiya mühiti barədə məlumat verib, çap materialları təqdim ediblər. Sərgi çərçivəsində Azərbaycan iş adamları potensial müştərilərlə əməkdaşlıq imkanlarına dair müzakirələr aparıb, Çinə və Asiya bazarlarına ixrac barədə ilkin razılaşmalar əldə olunub. Azərbaycan məhsullarının təqdim olunduğu vahid ölkə stendi Prezident İlham Əliyevin "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqi ilə bağlı Fərmanına uyğun olaraq təşkil edilib. Qeyd edək ki, bu il sərgidə 70-ə yaxın ölkəni təmsil edən 4300 qurum, qida sənayesi, hotel, restoran, yemək xidmətləri göstərən 112 mindən çox peşəkar iştirak edib. İxrac missiyasının Çinə səfəri çərçivəsində bu ölkədə ilk dəfə  Azərbaycan şərabçılığına həsr olunan master-klass keçirilib. Son dövrlər Çində Azərbaycan şərabçılığının təşviqatı istiqamətində ciddi işlər görülür. Belə ki, fevralda AZPROMO ilə Çinin Milli Qida Fermentasiya İnstitutu arasında imzalanan Anlaşma Memorandumuna əsasən Azərbaycan şərabçılığının təşviqatı mərkəzi yaradılıb.