Türkiyəli tarixçi: “Artıq heç bir ölkə Qafqazda Azərbaycan və onun dostlarını nəzərə almadan plan qurmamalıdır”

Türkiyəli tarixçi: “Artıq heç bir ölkə Qafqazda Azərbaycan və onun dostlarını nəzərə almadan plan qurmamalıdır”

4 May, 12:40 Sosial mediada paylaşın:

“Azərbaycan artıq 30 il əvvəlki Azərbaycan deyil”. Bu fikirləri Azərbaycan Televiziyasının "Əsas məsələ" tok-şousunda türkiyəli tarixçi İbrahim Tellioğlu səsləndirib. Onun sözlərinə görə, Qarabağda əldə olunan böyük qələbə regiondakı balansı dəyişdi: “Hamı gördü ki, Azərbaycan artıq 30 il əvvəlki Azərbaycan deyil. Həm iqtisadi, həm siyasi, həm hərbi, həm də beynəlxalq münasibətlər cəhətdən daha güclüdür. Artıq heç bir ölkə Qafqazda Azərbaycan və onun dostlarını nəzərə almadan plan qurmamalıdır. Azərbaycanın qalibiyyəti Türkiyədə güclü təsir yaratdı. İndiyə kimi biz ziyalılar olaraq “bir millət, iki dövlət” ifadəsini işlədirdik. Müharibə dövründə buna bir daha əmin olduq. Türkiyədə insanlar Azərbaycan Ordusunun işğaldan azad etdiyi hər əraziyə görə sevinirdilər. Bu, qardaşlığın təzahürüdür", - deyə türkiyəli tarixçi bildirib.

O, eyni zamanda, Türk Şurasına üzv dövlətlərin Azərbaycana dəstəyini də qeyd edib, təşkilatın mövqeyinə dair fikirlərini bölüşüb: "Türk Şurasına üzv dövlətlər müstəqillik əldə etdikdən 30 il sonra bir mövzuda ortaq məxrəcə gələ bildilər. O da Azərbaycanın Qarabağ mövzusundakı haqlı mövqeyidir. Bu, çox vacib nüansdır. Çünki indiyə kimi bəzi sahələrdə o dövlətlər müxtəlif səbəblərə görə bizə dəstək verə bilmirdilər. Lakin Qarabağ qələbəsi onu göstərdi ki, həmin dövlətlər bir masa arxasına toplaşaraq ortaq qərarlar qəbul edə bilirlər. Türk Şurasında qərarlar səs çoxluğu ilə yox, yekdilliklə qəbul olunur. Bu mövzuda isə şahidi olduq ki, Macarıstandan Qazaxıstana kimi şuraya üzv bütün dövlətlər Azərbaycanı dəstəklədilər. Biz bir millət, 6 dövlət olduq", - İ.Tellioğlu qeyd edib.

Türkiyəli tarixçi müharibə dövründə Gürcüstanın Azərbaycana dəstəyinin önəminə, Türkiyə-Azərbaycan-Gürcüstan əməkdaşlığının regiondakı balansı dəyişmək iqtidarında olduğuna və bu əməkdaşlığın daha çox gücləndirilməsinin vacibliyinə də toxunub.

CANLI YAYIM