Boksçumuz Məsud Yusifzadə dünya çempionatına qələbə ilə başlayıb

Boksçumuz Məsud Yusifzadə dünya çempionatına qələbə ilə başlayıb

14 Sentyabr, 19:53 Sosial mediada paylaşın:

Sentyabrın 14-də Rusiyanın Yekaterinburq şəhərində keçirilən dünya çempionatında iki boksçumuz onaltıdabir final mərhələsində çıxış edib.

52 kiloqram çəki dərəcəsində mübarizə aparan boksçumuz Məsud Yusifzadə mərakeşli Səid Mortaji ilə qarşılaşıb. Təmsilçimiz rəqibini 5:0 hesabı ilə məğlub edib. O, növbəti döyüşündə ermənistanlı Artur Hovannisyanı sınağa çəkəcək. Səkkizdəbir final mərhələsinin görüşü sentyabrın 17-də olacaq.

Çempionatda 75 kiloqram çəki dərəcəsində çıxış edən Amin Kuşkov isə ikinci görüşündə rusiyalı boksçu Qleb Bakşi üz-üzə gəlib. Gərgin keçən döyüş rəqibin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Sentyabrın 9-da boksçumuz Amin Kuşkov otuzikidəbir finalda Türkmənistan idmançısı Nursahat Pazzievi 4:1, sentyabrın 11-də isə Tayfur Əliyev isveçrəli Tiaqo Puqnonu 5:0, ötən gün isə Lorenzo Sotomayor Avstriya təmsilçisi Yason Mallyanı 3:2 hesabı ilə məğlub ediblər. Sentyabrın 12-də Bəxtiyar Qazıbəyov Qazaxıstan təmsilçisi Zakir Safyullinə uduzaraq çempionatda mübarizəni dayandırıb.

Dünya çempionatında yarışlar yeni qaydalara əsasən 8 çəki dərəcəsində təşkil olunur. Yekaterinburqdakı “EXPO Arena”da baş tutan yarışda təsnifat mərhələsinin qarşılaşmaları sentyabrın 17-dək davam edəcək. Ayın 18-də boksçular dörddəbir final mərhələsində yarışacaqlar. Ertəsi gün istirahət edəcək idmançılar sentyabrın 20-də yarımfinal görüşlərini keçirəcəklər. Qaliblər ayın 21-də müəyyənləşəcək.

CANLI YAYIM