Türkiyədə və Hindistanda antirekord, Argentinada komendant saatı... – Dünyada koronavirus

Türkiyədə və Hindistanda antirekord, Argentinada komendant saatı... – Dünyada koronavirus

15 Aprel, 14:22 Sosial mediada paylaşın:

Dünyada yeni növ koronavirus aşkarlanan insanların sayı 139  milyona yaxınlaşıb. Pandemiya başlayandan 2 milyon 987 mindən çox insan xəstəlikdən dünyasını dəyişib. Asiyada ən ağır epidemioloji vəziyyət Hindistanda müşahidə olunur. Yoluxmaların artmasının qarşısını almaq üçün məhdudiyyətləri sərtləşdirən ölkələrlə yanaşı, sərt tədbirləri ləğv edən ölkələr də var.

Belçikada aprelin 19-dan vacib olmayan səfərlərə qoyulmuş qadağa aradan qaldırılacaq, lakin sərnişinlərin testdən keçirilməsi, karantində qalması ilə bağlı prosedurlar hələ ki qüvvədə qalır. Bundan əlavə, yoluxma riski yüksək olan yerlərə səfər etməmək tövsiyə olunur.

Yunanıstan da pandemiya ilə əlaqədar tətbiq olunmuş bəzi tədbirləri ləğv edir. Gələn həftədən Avropa İttifaqı və Böyük Britaniya da daxil olmaqla digər 5 ölkədən gələn peyvənd olunmuş və ya test nəticəsi neqativ olan şəxslər üçün məhdudiyyətləri aradan qaldırır.

Argentina isə əksinə, koronavirusun daha çox yayılmasının qarşısını almaq üçün məhdudiyyətləri sərtləşdirir. Gələn həftədən etibarən paytaxt Buenos-Ayresdə məktəblər 15 günlük bağlanacaq, komendant saatı tətbiq olunacaq. Bu müddətdə idman və mədəniyyət tədbirlərinin keçirilməsi qadağan edilir.

Müxtəlif ölkələrdə sutkalıq yoluxma statistikasına gəlincə, Hindistanda növbəti dəfə antirekord qeydə alınıb. Bir gündə 200 mindən çox insanda koronavirus aşkarlanıb. 1038 nəfər xəstəlikdən dünyasını dəyişib. Pandemiya başlayandan qeydə alınan yoluxma halları 14 milyonu ötüb.

Türkiyədə də sutkalıq yoluxma hallarında pandemiya dövrünün ən yüksək göstəricisi qeydə alınıb. Bir gündə 62 mindən çox insana COVID-19 diaqnozu qoyulub. Ölkə üzrə ümumi yoluxma sayı 4 milyondan yuxarıdır.

Fərda Abasova 

CANLI YAYIM