Prezident İlham Əliyev Fərman və Sərəncam imzalayıb

Prezident İlham Əliyev Fərman və Sərəncam imzalayıb

13 Sentyabr, 19:38 Sosial mediada paylaşın:

Bu gün Prezident İlham Əliyev Fərman və Sərəncam imzalayıb.

Fərmana uyğun olaraq Naxçıvan Muxtar Respublikasında sənaye sahəsində fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarların fəaliyyətinin dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədi ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda Şərur Sənaye Məhəlləsi yaradılır. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə tapşırılır ki, Şərur Sənaye Məhəlləsinin fəaliyyəti ilə bağlı müvafiq torpaq sahəsinin istifadəyə yararlı vəziyyətə gətirilməsini, xarici və daxili infrastrukturun qurulması, eləcə də iştirakçıların fəaliyyətinin dəstəklənməsi və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün zəruri tədbirlər görsün. Şərur Sənaye Məhəlləsinin fəaliyyətinin təşkilini təmin etmək məqsədi ilə ilkin olaraq “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu-investisiya xərcləri üçün nəzərdə tutulan vəsaitin 5 milyon manatı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ayrılıb.

Bununla yanaşı, bu gün imzalanan Sərəncama uyğun olaraq, Ağsu rayonunda baş vermiş zəlzələ nəticəsində yaşayış evlərinə dəymiş ziyanın aradan qaldırılması işlərinin davam etdirilməsi məqsədilə həmin evlərin təmiri üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Ağsu Rayon İcra Hakimiyyətinə 2 milyon manat ayrılıb.

CANLI YAYIM