Azərbaycan Prezidentinin Hərbi Qənimətlər Parkının açılışında iştirakı dünya mətbuatında

Azərbaycan Prezidentinin Hərbi Qənimətlər Parkının açılışında iştirakı dünya mətbuatında

14 Aprel, 11:00 Sosial mediada paylaşın:

Prezident İlham Əliyevin Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirakı və təltif olunmuş hərbçilər qarşısındakı çıxışı da dünya mediasında geniş işıqlandırılıb.

Moldovanın böyük oxucu kütləsinə malik “Noi” və “Dosug” portallarında Bakıdakı Hərbi Qənimətlər Parkının açılışı barədə silsilə xəbərlər dərc olunub. Materiallarda Hərbi Qənimətlər Parkında Vətən müharibəsinin gedişində Azərbaycan Ordusu tərəfindən düşməndən qənimət götürülən hərbi texnikanın bir qisminin sərgiləndiyi bildirilir. Eyni zamanda, Şuşaya atılan “İsgəndər–M” raketlərini Ermənistanın haradan əldə etdiyi barədə Prezident İlham Əliyevin sualı və ölkəmizin bu suala cavab gözlədiyi qeyd olunur. Dövlət başçısına istinadən bildirilir ki, Ermənistan uzun illər hərbi texnikanı digər ölkələrdən “hədiyyə” qismində alarkən, Azərbaycan bütün texnikanı öz vəsaiti hesabına əldə edib.

Ukraynanın nüfuzlu “Gordon”, “Korrespondent”, “Dialog” xəbər portallarında Bakıdakı Hərbi Qənimətlər Parkının açılışı barədə silsilə xəbərlər dərc olunub. Məqalələrdə 5 hektar ərazisi olan Parkda düşməndən qənimət götürülən 300-dən çox eksponatın, o cümlədən 150-dən çox ağır texnikanın, tankların, döyüş maşınlarının, artilleriya qurğularının, zenit-raket komplekslərinin, atıcı silahların və hərbi nəqliyyat vasitələrinin sərgiləndiyi bildirilir.

Prezident İlham Əliyevin Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak etməsi və təltif olunmuş hərbçilər qarşısındakı çıxışı Türkiyə kütləvi informasiya vasitələrində də geniş işıqlandırılıb. “Anadolu” və “İHA” xəbər agentlikləri, “TRT Haber”, “Haber Global” telekanalları, “Sabah”, “Takvim”, “Yeni şafak” və digər qəzetlər Türkiyə ictimaiyyətinə Park barədə müfəssəl məlumat təqdim ediblər. “44 günlük Vətən müharibəsi dövründə döyüş meydanında davamlı məğlubiyyətlərə məruz qalan düşmən insanlıq əleyhinə və müharibə cinayətləri törədib, o cümlədən döyüş bölgəsindən uzaqda olan ərazilərə raket zərbələri endirib, dinc sakinləri qətlə yetirib. Həmin faktları xronoloji ardıcıllıqla özündə əks etdirən lövhə Parkın giriş hissəsində yerləşdirilib. Burada Şuşaya atılan “İsgəndər-M” raketinin qalıqları da var”, - məqalələrdə bu barədə danışılır. 

Tural Orucov

CANLI YAYIM