“Mozalan” efirə qayıdır

“Mozalan” efirə qayıdır

12 Aprel, 17:00 Sosial mediada paylaşın:

50 illik tarixi olan “Mozalan” satirik kinojurnalı yenidən efirə qayıdır.

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, “Mozalan” satirik kinojurnalı  uzun bir fasilədən sonra, 50 illik yubileyi ərəfəsində  aprel ayından başlayaraq yenidən yayımlanmağa başlayacaq.

Qeyd edək ki, bu ilin əvvəlində Azərbaycan Televiziyası və Mədəniyyət Nazirliyinin  birgə təşəbbüsü ilə  “Mozalan”ı yenidən dirçəltmək barədə qərar qəbul olunub. İlkin mərhələdə “Mozalan” studiyasında son 5 ildə çəkilən və heç bir televiziyada göstərilməyən çarxlar nümayiş olunacaq. Bu  buraxılışların aprel və may aylarında yayımlanması nəzərdə tutulub. Paralel olaraq  iki ay ərzində yeni çarxların çəkilişləri də aparılacaq. Yeni çarxlar Mədəniyyət Nazirliyinin və AzTV-nin birgə layihəsi əsasında çəkiləcək. İlkin mərhələdə çəkiləcək 8 tənqidi videoçarxın ssenari müəllifi və redaktoru  İlqar  Fəhmi, ”Mozalan” studiyası tərəfindən yaradıcı heyətin rəhbəri  isə Əlisəttar Quliyevdir.  Gələcəkdə çəkilişlərə başqa ssenaristlərin də  cəlb olunması planlaşdırılır. “Mozalan”nın ənənəsinə uyğun olaraq  çarxların rejissorları da dəyişəcək.

“Mozalan”nın ilk buraxılışı bu gün, yəni aprelin 12-si  saat  21:30-da yayımlanacaq.

Xatırladaq ki, “Azərbaycanfilm” kinostudiyasının nəzdində yaradılan “Mozalan” satirik kinojurnalının təsis edildiyi tarix 1971-ci ilə təsadüf edir. “Kinojurnalın məqsədi neqativ hallara qarşı mübarizə aparmaq, ictimai çatışmazlıqları satira dili ilə xalqa çatdırmaq olub. Sənədli süjetlərdə bir anda müxtəlif istehsalat obyektlərində peyda olmaq, oradakı əyri-əksikləri lentə almaq, bütün ölkəni  xəbərdar etmək mozalançıların əsas iş üsullarından olub.

 

CANLI YAYIM