Azərbaycanlı jurnalistlərdən Rusiyanın Azərbaycandakı səfirliyinə müraciət

Azərbaycanlı jurnalistlərdən Rusiyanın Azərbaycandakı səfirliyinə müraciət

7 Aprel, 15:39 Sosial mediada paylaşın:

Azərbaycanın bir qrup jurnalisti Şuşa şəhərində Rusiyaya məxsus “İskəndər” Operativ-Taktiki Raket Kompleksinin qalıqlarının aşkarlanması ilə bağlı Rusiyanın Azərbaycandakı səfirliyinə müraciət edib.

Azərbaycanlı jurnalistlərin Rusiyanın ölkəmizdəki səfirliyinə etdikləri müraciətdə qeyd olunur ki, Şuşa şəhərində Rusiyaya məxsus “İskəndər” Operativ-Taktiki Raket Kompleksinin qalıqlarının aşkar edilməsi Azərbaycan ictimaiyyətinin diqqət mərkəzindədir. Xatırladılır ki, Azərbaycanın Minatəmizləmə Agentliyinin əməkdaşları erməni işğalından azad olunan Şuşa şəhərində minaların və partlamamış hərbi sursatların axtarışı və zərərsizləşdirilməsi zamanı ballistik raketin detallarını aşkar ediblər. Raketin qalıqları üzərində qalmış tanıma nömrəsinin təhlili göstərib ki, Şuşa şəhərinə “İskəndər-M” Operativ-Taktiki Raket Kompleksindən atəş açılıb. Raketin qalıqları hələ martın 15-də aşkarlanıb. Lakin Azərbaycan tərəfi bu qalıqların məhz “İskəndər-M” Operativ-Taktiki Raket Kompleksinə mənsub olmasını yalnız hərtərəfli ekspert təhlilindən sonra elan edib.

Müraciətə görə, Yerevanda dəfələrlə belə bəyanatlar səslənib ki, Ermənistan Azərbaycana Rusiya istehsalı olan “İskəndər” Operativ-Taktiki Raket Kompleksindən atəş açıb. Məsələn, Ermənistanın baş naziri Nikol Paşinyan, Ermənistanın sabiq prezidenti Serj Sarkisyan, Ermənistan silahlı qüvvələri baş qərargahının keçmiş rəisi Movses Akopyan bu cür iddialarla çıxış ediblər. Lakin Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov o vaxt Qarabağda “İskəndər” raketlərinin tətbiqini qəti inkar edərək bildirib ki, bizdə olan, o cümlədən obyektiv nəzarət sistemi ilə təsdiqlənmiş obyektiv və mötəbər məlumatlara görə, Dağlıq Qarabağda münaqişənin gedişində bu tipli heç bir raket kompleksi tətbiq edilməyib. Lakin indi Şuşada “İskəndər-M” Operativ-Taktiki Raket Kompleksinə mənsub olan raket detalları aşkarlanıb. Operativ-Taktiki Raket Kompleksinin bu modifikasiyası ixrac edilməməlidir və Rusiya ordusunun təchizatında istifadə olunur.

Müraciətdə qeyd olunub ki, Şuşada məhz “İskəndər-M” Operativ-Taktiki Raket Kompleksin raketinin qalıqlarının aşkar edilməsi hələ aprelin 2-də elan olunub. Bu xəbər həm Azərbaycan, həm də xarici KİV tərəfindən geniş işıqlandırılıb. Amma indiyədək Rusiya tərəfinin dəqiq və birmənalı rəsmi cavabı eşidilməyib. Biz təəccüblənirik ki, Rusiya Xarici İşlər, Müdafiə nazirliklərinin, digər əlaqədar strukturların şəxsində Şuşada “İskəndər-M” Operativ-Taktiki Raket Kompleksindən necə atəş açıla bilməsinə aydınlıq gətirməyə tələsmir. Əlbəttə, bu faktın tam və hərtərəfli təhqiqatı vaxt tələb edir. Lakin hətta, təhqiqatın başlanması barədə rəsmi bəyanatın da olmaması Azərbaycan ictimaiyyətində ciddi anlaşılmazlıq və narahatlıq doğurur.

Azərbaycanlı jurnalisitlər ümidvar olduqlarını bildirirlər ki, Rusiya tərəfi ən yaxın vaxtda öz rəsmi mövqeyini bildirəcək və təhqiqatın başlanmasını rəsmən elan edəcəkdir. Sonda bir məqamı da qeyd edək ki, İkinci Qarabağ müharibəsində böyük dağıdıcı gücə malik “İskəndər” raketlərindən Azərbaycana qarşı istifadə edilməsi faktının ictimailəşməsi bir sıra mühüm və ciddi suallar yaradıb. Haqlı olaraq da ictimaiyyət bu təhlükəli hadisəyə aydınlıq gətirilməsini istəyir.

Südabə Cahangirli

CANLI YAYIM