Azərbaycan Fransaya etiraz notası ünvanlayıb

Azərbaycan Fransaya etiraz notası ünvanlayıb

12 Sentyabr, 19:03 Sosial mediada paylaşın:

Azərbaycan Fransa parlamentarilərinin işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfəri ilə əlaqədar bu ölkəyə etiraz notası ünvanlayıb. Sənəddə bu cür qanunsuz səfərlərin həyata keçirilməsinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin, o cümlədən Fransanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həll olunması məqsədini güdən səylərini ciddi şəkildə sarsıtdığına, eyni zamanda bu prosesdə vasitəçi qismində Fransanın nüfuzuna xələl gətirdiyinə xüsusi diqqət çəkilir. Azərbaycan Xarici İşlər Nazirliyi bununla bağlı məlumat yayıb. Bildirilir ki, Ermənistan tərəfindən ölkəmizin işğal olunmuş ərazilərinə bu qanunsuz səfərin həyata keçirilməsi Fransa Parlamenti üzvlərinin rəhbər tutmalı olduqları “azadlıq, bərabərlik, qardaşlıq” yüksək idealları və fundamental insan hüquqlarına tamamilə ziddir. Vurğulanır ki, bu addım qərəzli, Fransanın erməni lobbisinin təsiri altında olan və əvvəlki qanunsuz səfərləri səbəbindən adı artıq Azərbaycana girişi arzuolunmaz şəxslər siyahısında yer alan Gi Tesye (Guy Teissier) kimi deputatlar tərəfindən atılıb. Ona qoşulan qanunsuz səfərin digər iştirakçılarının adları da həmin siyahıya salınacaq.

CANLI YAYIM