Fevralın 26-da bir qrup yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında çıxış edən Prezident İlham Əliyevin ən çox diqqət ayırdığı istiqamətlərdən biri Ermənistandakı vəziyyət oldu. Dövlət başçısı haqlı olaraq düşmən ölkədə cərəyan edən prosesləri tragikomediya adlandırdı və bildirdi ki, məğlub tərəfin siyasi dairələri regionda yaranmış yeni reallıqları yanlış şəkildə dəyərləndirəcəkləri halda Ermənistan üçün əməkdaşlıq limiti bir qədər də azalacaq.
Prezident İlham Əliyevin yerli və xarici media nümayəndələri ilə keçirdiyi mətbuat konfransı postmüharibə dövrünün reallıqları barədə obyektiv təsəvvürün yaranmasında müstəsna rol oynayacaq. Dövlət başçısının bütün suallara cavabında, xüsusilə də bu gün Ermənistanda baş verən hadisələrə münasibətdə göstərdiyi həssas davranış və uzaqgörənlik dünya mediası üçün faktiki “obyektivlik meyarı” sayılmalıdır. Prezident vurğuladı ki, Azərbaycan bu ölkədə verilən bəyanatları, atılan addımları, hərbi ritorikanı artıran gedişləri diqqətlə izləyir və hər an adekvat reaksiyasını ortaya qoya bilər. Yerevanda isə sözün əsl mənasında, xaotik, anlaşılmaz hadisələr gündəmdədir. O cümlədən hökumət və hərbi generalitet arasında dərinləşən ziddiyyətlər və bu ziddiyyətlərdən Azərbaycana qarşı faydalanmağa çalışan qüvvələrin sərt fikirləri bölgə üçün təhdidlərin qaldığını göstərir. Ancaq düşmən anlamalıdır ki, atılan hər bir addım nəzarət altındadır və 44 günlük müharibə zamanı ermənilərin dinc yaşayış məntəqələrinə raket zərbələri endirməsi kimi hallara təkrar rast gəlinsə, Ermənistanın darmadağın edilməsi qaçılmaz olacaq.
“Mən Prezident Putinlə söhbət zamanı bu barədə dedim, Rusiya tərəfini erməniləri bundan çəkindirməyə çağırdım. Əks halda, bizim seçimimiz olmayacaq, biz onların şəhərlərini bombalayacağıq. Bizdə hər şey nişan altında idi. Bizim raketlərimiz təkcə Naxçıvan Muxtar Respublikasından deyil, digər regionlardan da rahatlıqla Yerevanadək çatar. Biz bunu hər an nümayiş etdirə bilərik. Buna görə də mənim bu çağırışım artıq bütün qırmızı xətləri keçmiş, azğınlaşmış Ermənistan hərbi-siyasi rəhbərliyini vəziyyətin sağlam düşüncəli təhlilinə çağırış idi. Yoxsa, biz onları sadəcə, tamamilə məhv edərik”. Azərbaycan Prezidentinin bu fikirləri Vətən müharibəsi dövründəki proseslərə aid olsa da, hazırda Ermənistanın yürütdüyü siyasət və Qarabağa dair planlar həmin tezisləri diqqətdə saxlamağı vacib edir. Problem ondadır ki, Rusiyadan alınan “İskəndər” raket sistemi ətrafında yaranan qalmaqal hesabına qarşı tərəf az qala vətəndaş müharibəsinə sürüklənir. Belə bir işğalçı mahiyyətin hər an bütün anlaşmaları pozaraq yeni konfrontasiyalara getməsi hallarına isə beynəlxalq təcrübədə tez-tez rast gəlinir. İndiki vəziyyətdə, Yerevanda “kim güclüdür” mübarizəsi gedir və Paşinyanı üstələməyə çalışan revanşist qüvvələr ordunu yeni, modern silahlarla təmin etməkdən ötrü xarici tərəfdaşlarla sövdələşmələrə getmək kimi təşəbbüslər irəli sürürlər.
“Əgər biz sülh, uzunmüddətli sülh istəyiriksə, məsuliyyətsiz adamların əlində bu cür məhvedici vasitələr olmamalıdır. Hərc-mərclik hökm sürən, ordunun rəhbərliyə tabe olmadığı, onların hərbi çevriliş etdiyi və ya etmədiyi ölkədə bu da tragikomediyanın bir hissəsidir. Axı, hərbi çevrilişi ya edirlər, ya da etmirlər. Əllərində meqafonlar tutmuş, küçələrdə gecə çadırları qurmuş, hansısa bomjların yürüşləri tragikomik təsir bağışlayır. Bu, sadəcə, biabırçılıqdır. Bütün dünya onlara gülür, həm iqtidara, həm də müxalifətə. Ona görə də, belə adamların əllərinə təhlükəli silah vermək olarmı? Buna görə də demək istərdim, elə etmək lazımdır ki, heç kəs üçün təhlükə yaranmasın”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Bu gün Ermənistanda cərəyan edənlər sırf daxili, hakimiyyət-müxalifət qarşıdurması kimi təqdim olunsa da, proseslərin arxasında Qarabağ məğlubiyyətinə görə qisas almaq planlarının durduğu açıq nəzərə çarpır. Xunta rejiminin əməkdaşlıq etdiyi erməni generalları ümidi yalnız tərəfdarlarını mitinqə toplamağa qalmış Paşinyanı devirməklə, əslində, yeni Qarabağ müharibəsinə başlamaq şüarı üzərində təbliğat aparır. Prezident Armen Sarkisyanın baş nazirin Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisini vəzifəsindən azad etmək barədə müraciətini geri çevirməsi, Sarkisyanın özünün impiçment məsələsinin gündəliyə çıxması, son günlər həm Amerikadan, həm də Rusiyadan Paşinyan iqtidarına ünvanlanan çoxsaylı müraciətlər bu ölkədə tam bir anarxiyanın hökm sürdüyünü təsdiqləyir. Şübhəsiz, bu qarışıqlıqdan sui-istifadə etməyə və bölgədə hərbi eskalasiyaya çalışanlar da var. Onlara Prezident İlham Əliyevin jurnalistlər üçün keçirdiyi mətbuat konfransında Ermənistana dair xəbərdarlıqlarını ciddi şəkildə nəzərə almağı tövsiyə edərdik. Əks halda, düşmən ölkə yeni “dəmir yumruq”la qarşı-qarşıya dayanacaq.
Malik Həsənov