Gecə saat 01.00, həyəcan siqnalı, meşə pusqusu... "Hərbiyyə" iştirakçıları ekstrim dolu təlimlərdə

Gecə saat 01.00, həyəcan siqnalı, meşə pusqusu... "Hərbiyyə" iştirakçıları ekstrim dolu təlimlərdə

11 Sentyabr, 13:15 Sosial mediada paylaşın:

Beyləqanda “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin media tərəfdaşlığı ilə reallaşan “Hərbiyyə-101” hərbi-vətənpərvərlik düşərgəsi davam edir. Layihənin beşinci günü də gənc vətənpərvərlər əsl ekstrim yaşayıblar.

 “Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgəsinin 5-ci günü gecə saat birdə N saylı hərbi hissədə həyəcan siqnalı verildi. Məqsəd könüllülərin ayıq-sayıqlığını yoxlamaq idi.  Aprel döyüşlərinin iştirakçısı Milli Qəhrəman Şükür Həmidov sırada yerlərini alan gənc vətənpərvərləri təlimatlandırdı.

Layihənin 101 iştirakçısı əsil əsgər həyatı yaşayırlar. Səhər təlimindən  sonra könüllülər gəzinti üçün Sultanbud meşəsinə gəldilər. Onları  aparan avtomobillər yol döngəsində xüsusi təyinatlı kəşfiyyatçı qrupun “pusqu”suna düşdü.

...Onlar meşəyə gəzinti adı ilə gəlmişdilər, amma pusquya düşdülər. Düşmənin şərti hücum əməliyyatından uğurla çıxdılar.

Uğur isə o idi ki, itki olmadı, üstəlik könüllülər ayıq-sayıq davranıb bayrağı əldən vermədilər. Kəşfiyyatçılar onları əsir də götürə bilmədilər.

Pusqu əməliyyatı başa çatar-çatmaz Sultanbud meşəsində yenidən silahlar işə düşdü. Həyəcanlı anlar yaşandı. Bu kəşfiyyat qruplarının şərti düşmən obyektlərinə basqın nümunəsi idi. Onlar bir nəfəri əsir götürərək  qoyulan tapşırığı yerinə yetirdilər. Kəşfiyyatçı snayperlərin və əsgərlərin müxtəlif şəraitlərdə maskalanması, kəşfiyyat silah və optik cihazların sərgisi də maraqla qarşılandı. 

Düşərgə gənc vətənpərvərlər üçün həm də ona görə əhəmiyyətlidir ki, onlar təkcə təlimlərdə iştirak etmirlər. Eyni zamanda peşəkar zabit heyətindən öyrəndiklərini təcrübədə sınayırlar. Sultanbud meşəsində könüllülər kompasın köməkliyi ilə relyefə və yerli predmetlərə əsasən birinci nəzarət və digər nöqtələri  ardıcıllıqla tapmalı oldular. Finiş nöqtəsinə birinci Qubadlı komandası çatdı. 

 “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin media tərəfdaşlığı ilə reallaşan bu mühüm layihə  "ASAN xidmət", Müdafiə Nazirliyi, "ASAN Könüllüləri" Təşkilatının birgə təşkilatçılığı ilə ərsəyə gəlib.  

 

CANLI YAYIM