Sibir neftinin “kral”ı kasıb azərbaycanlı - Evini belə nazir təmir etdirib

Sibir neftinin “kral”ı kasıb azərbaycanlı - Evini belə nazir təmir etdirib

16 Fevral, 16:08 Sosial mediada paylaşın:

AzTV-də yayımlanan “Yüz ilin adamları” verilişinin növbəti buraxılışı görkəmli geoloq Fərman Salmanova həsr olunub.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, layihə komandası heç vaxt Rusiya kanallarına müsahibə verməyən geoloqun həyat yoldaşı Tamara Salmanova ilə söhbətləşib.

T.Salmanova ölümündən sonra həyat yoldaşının bir çox mükafata layiq görüldüyünü, lakin sağ ikən bu qiyməti almadığını deyib. Bildirib ki, onların Azərbaycandakı evlərini təmir etməyə belə maddi imkanları olmayıb. Bu işdə isə Salmanovlar ailəsinə Azərbaycanda nazir vəzifəsində olan bir şəxs kömək edib.

O nazirin kimliyi və Fərman Salmanovla bağlı digər eksklüziv məqamlar fevralın 28-i saat 22:00-da “Yüz ilin adamları”nda açıqlanacaq.

Şəmkirdə doğulan, indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alan F.Salmanov fəaliyyətini Rusiyada, Sibirdə davam etdirib.

Bu gün də Rusiya iqtisadiyyatında 70% payı olan Sibirdəki neft yataqlarının kəşfi məhz sözügedən azərbaycanlının adı ilə bağlıdır. Dünya üzrə 150-dən çox neft yatağı aşkarlamış biri kimi tarixə düşən həmyerlimizin rekordunu hələ ki heç kim yeniləyə bilməyib.

ABŞ (Texas ştatı) və Çin Xalq Respublikasının fəxri vətəndaşı Fərman Salmanov ölümündən sonra dəfələrlə yüksək mükafatlara layiq görülsə də, özü həyatda ikən daha çox haqsızlıqla üzləşib.

Bu gün Rusiyada adına onlarla prospekt, küçə, təyyarə, gəmi, habelə hava limanı var.

CANLI YAYIM