Yaxın gələcəkdə Azərbaycan badama olan tələbatı yerli istehsal hesabına ödəyə biləcək - REPORTAJ

Yaxın gələcəkdə Azərbaycan badama olan tələbatı yerli istehsal hesabına ödəyə biləcək - REPORTAJ

10 Sentyabr, 15:59 Sosial mediada paylaşın:

Yaxın gələcəkdə Azərbaycan badama olan tələbatı yerli istehsal hesabına ödəyə biləcək. Bunun üçün ölkəmizdə yeni badam bağları salınır. Artıq Qusarda yeni salınan badam bağlarından ilk məhsul yığılır. Bu il ümumilikdə 4-5 ton məhsul  gözlənilir.

Qusar rayonunun Qalacıq kəndində yerləşən ümumi sahəsi 86 hektar olan meyvəçilik təsərrüfatının 10 hektarında badam bağı salınıb. İki il öncə əkilən badam ağacları tam məhsula düşəndən sonra hər hektardan 6-10 ton məhsul yığılacaq. Badam yığımı sentyabrın sonlarına kimi yekunlaşacaq. Bağdan toplanan məhsul yerli bazarda satılacaq. Becərilən badam tingləri yerli şəraitə tam uyğunlaşıb və normal inkişaf edir. Əkilən amerikan mənşəli “Guara” adlanan badam növünə aid tinglər 3 ildən sonra məhsul verir. Sortun özəlliyi ondadır ki, gec çiçəkləyir, şaxtaya və quraqlığa davamlıdır. Ləpə çıxımı da təxminən 40-48 faizdir.

Baba Ağaşirinov (təsərrüfatçı):

- Yetişmiş badamları hissə-hissə yığırıq. Sonra məhsulun qalan hissəsi yetişdikdə yenidən bir də yığım gedəcək.  Hardasa bir 10-15 günə bu yığım qurtarmalıdı. Yığılandan sonra isə onlar qabıqdan açılır, qurudulur və satışa göndərilir.

***

Hazırda badam bağlarının salınmasında əsasən xaricdən gətirilən tinglərdən istifadə olunur. Lakin yerli mütəxəssislərin elmi təcrübələr nəticəsində əldə etdikləri yeni növ tinglər sayəsində bir neçə ildən sonra buna ehtiyac qalmayacaq. Yeni bağların salınmasında istifadə olunan yerli badam tingləri mikroklonal üsulla yetişdirilir.

 

Vahid Əliyev (mütəxəssis):

- Laboratoriyalarımızda bu bitkinin vegetativ üsulla artırılan calağaltıları yetişdirilərək fermerlərimizə və özəl tingçilik təsərrüfatçılarımıza çatdırır və eləcə də institutda da bu bitkinin calağaltılarını yetişdirməklə tingi də yetişdirilir. Ümidvarıq ki, yaxın gələcəkdə 2-3il ərzində ölkəyə badam tinginin idxalının qarşısı alınacaq və ölkəmiz öz istehsalı olan badam tingləri ilə yeni meyvə bağları salacaqdır.

Qeyd edək ki, ölkə ərazisində badam bağlarının sahəsi ildən ilə genişlənir. Son üç ildə Şabranda 23, Qusarda 10, Beyləqanda 28, Tərtərdə 18, Cəlilabadda 2 və Abşeronda 1 hektar olmaqla, 82 hektarda badam tingləri əkilib.

Aztv.az

 

CANLI YAYIM