Qarabağın dağıdılmış tarixi abidələri bərpa olunacaq: tikililər yenidən qeydiyyata alınacaq

Qarabağın dağıdılmış tarixi abidələri bərpa olunacaq: tikililər yenidən qeydiyyata alınacaq

25 Yanvar, 20:35 Sosial mediada paylaşın:

İşğaldan azad edilən ərazilərdə tarixi abiələrin müəyyənləşdirilməsi və mühafizə olunması məsələsi aktuallaşıb. Torpaqlarımızı 30 ilə yaxın müddətdə işğal altında saxlayan ermənilərin Qarabağda və ətraf rayonlarda törətdikləri dağıntıların miqyası hər kəsə məlumdur.

Qeyd etmək lazımdır ki, tarixi tikililərimiz də erməni vandalizminin qurbanı olub. Azad edilən ərazilərdə aparılan quruculuq işlərinin mühüm bir istiqamətini dağıntılara məruz qalan tarixi-memarlıq komplekslərinin bərpa və konservasiyası, bölgədəki bütün abidələrin aşkar edilərək qeydiyyata alınması üçün arxeoloji axtarış işlərinin aparılması təşkil edəcək.

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini Nəcəf Müseyibli əməkdaşımızla söhbətində bildirib ki, ilk növbədə Xocavənd və Füzuli rayonlarının ərazisində axan Quruçay və Köndələnçay çaylarının hövzələrindəki abidələri qeyd etmək olar: “Bu çayların arasındakı dağlıq və düzənlik ərazidə Azıx və Tağlar mağaralarındakı ibtidai insan düşərgələri Neolit, Xalkolit və Tunc dövrlərinə aid Günəştəpə, Qaraköpəktəpə, Kültəpə, Xantəpə, Uzuntəpə, Meynətəpə və s. arxeoloji abidələri məlumdur. Tarixi qoruq yaradılması üçün digər abidələr qrupu olaraq Kəlbəcər rayonu ərazisindəki Tunc dövrünə aid qayaüstü təsvirlər də nəzərdə tutula bilər. Dəlidağın yamaclarında ötən əsrin 70-ci illərində aşkar edilmiş bu təsvirlərin sayı minlərlədir”.

Xatırladaq ki, bölgədə hələ 1988-ci ildə Şuşa Tarix-Memarlıq Qoruğu yaradılıb. Ümumiyyətlə, Azərbaycanın əksər ərazilərində qədim tikililərin yerləşdiyi belə qoruqlar var ki, onlar  tarixi əhəmiyyəti ilə yanaşı, həm də turistik potensialı də seçilir.

Azərbaycan Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə qeyd edib ki, Azərbaycanda 7 qoruq var idi ki, bu sıraya 8-ci də əlavə olunub – bu da, Beşbarmaq Dağı Qoruğudur: “Ümümiyyətlə, belə abidələrin qorunması tarixi əhəmiyyət cəhətdən daha vacibdir. Oraya turistlər gəlir və yaxud gəlmirlər, tariximiz üçün vacibdir. Əlbəttə, Qarabağdakı turizm potensialı araşdırılır. Agentlik bununla bağlı işlərə dəstək göstərəcək”.

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, deputat Tural Gəncəliyev isə bildirib ki, işğal altında olduğu dövrdə Qarabağ ərazisində şəhər və kəndləri dağıdan, tarixi tikililəri məhv edən ermənilər törətdikləri vandalizmə görə təzminat ödəməli olacaqlar: “Keçən 30 il ərazində ölkəmizə 100 milyardlarla dollar zərər verilib, bura evlər, kənd təsərrüfatı obyektləri tarixi abidələr daxildir. Bununla bağlı beynəlxalq məhkəmələrə müraciət edilməsi vacibdir. Ermənistan təcavüzkar ölkə olaraq, etdiklərinə görə cavab verməlidir”.

Samir Oruc, Xalid Əliyev

CANLI YAYIM