Qazilər və şəhid ailələri ilə bağlı sərəncam

Qazilər və şəhid ailələri ilə bağlı sərəncam

25 Yanvar, 16:40 Sosial mediada paylaşın:

Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu şəxslərin 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirəcək:

- 2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyənləşdirilmiş şəxslər;

- Yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınan və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri.

Yerli icra hakimiyyəti orqanları bu sərəncamın bəndlərində göstərilən şəxslər barədə məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etməlidirlər. Nazirliyin müraciəti əsasında bu sərəncamın 1-ci hissəsində göstərilən məqsədlər üçün torpaq sahələrinin ayrılmasını təmin etməli və hər il görülmüş işlər barədə Azərbaycan Prezidentinə məlumat verməlidirlər. İqtisadiyyat Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təklifləri əsasında bu sərəncamın 1-ci hissəsində göstərilən tədbirlər planının həyata keçirilməsi üçün tələb olunan vəsaitin 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu bölgüsünün layihəsində, 2022–2025-ci illərdə isə hər il dövlət büdcəsinin tərtibi prosesində dövlət əsaslı vəsait qoyuluşunda nəzərdə tutulmasını təmin etməlidir. Nazirlər Kabineti isə bu sərəncamın icrası ilə bağlı görülmüş işlər barədə hər növbəti ilin birinci ayında Azərbaycan Prezidentinə məlumat verməlidir.

CANLI YAYIM