“Həkimlər qəzet yandırıb, işığında xəstələri əməliyyat edirdilər...” – Qəhrəman xalq azadlığına belə qovuşdu

“Həkimlər qəzet yandırıb, işığında xəstələri əməliyyat edirdilər...” – Qəhrəman xalq azadlığına belə qovuşdu

20 Yanvar, 10:29 Sosial mediada paylaşın:

Bu gün 20 Yanvar faciəsindən 31 il ötür. 20 Yanvar hadisələri xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinin başladığı qəhrəmanlıq səlnaməsinin ilk şərəfli səhifəsidir. 20 Yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi.

Tariximizin o səhifələrini şahidlərlə birlikdə vərəqləmişik.

20 Yanvar əlili, “20 Yanvar Cəmiyyəti”nin sədr müavini  Sahib Əlizadə19-dan 20-nə keçən gecəni belə xatırlayır: “Şəhərdə o qədər insan kütləsi var idi ki, iynə atsaydın, yerə düşməzdi. Hər tərəf insanla dolu idi. Yığışmışdılar, çünki bilirdilər ki, imperiya ordusu şəhərə daxil olacaq, təcavüz edəcək. Ona görə də hər istiqamətdən yolları bağlamışdılar.

Hamı tankların Tbilisi prospektindən girəcəyini gözləyirdi. Amma sonra gördük ki, səsləri Mətbuat prosepektindən gəlir. Düz saat 00:00-da işıqlar söndü. Tanklar meydana daxil oldu. Özü də silahı işə salmışdılar. Ayağımdan yaralandım. Sümüyüm dağılmışdı, ayağım sallanırdı. Sonradan bldim ki, istifadəsi qadağan olunmuş güllələrdir.  Qəlpə indi də ayağımdadır”.

Paytaxt Bakının mərkəzi meydanlarından biri olan, 20 Yanvar metrosunun yaxınlığındakı ərazidə bir vaxtlar əli Azərbaycan xalqının qanına bulaşan imperiya ordusunun şərəfinə abidə ucaldılmışdı. Xalq saxtalaşdırılmış bir tarixi yaşamağa məcbur edilmişdi. 1987-ci ildən başlayaraq azərbaycanlılar Ermənistandakı tarixi torpaqlarından növbəti dəfə kütləvi deportasiya olunmağa başlayanda, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdləri geniş vüsət alanda, imperiya rəhbərliyi işğalçını himayə edəndə bıçaq sümüyə dirəndi. Xalq ayağa qalxaraq torpağımıza göz dikənlərə, haqsızlığa etirazını bildirdi. Sovet rəhbərliyi vəziyyəti nəzarətdə saxlamaq üçün çıxış yolunu əliyalın insanları qətlə yetirməkdə tapdı. Qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarda içərilərində qadınların, uşaqların, qocaların, həmçinin, təcili yardım işçiləri və milislərin də olduğu 131 nəfər öldürüldü, 744 nəfər yaralandı.

İstiqlaliyyətə gedən yolumuzun başladığı 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə azadlıq uğrunda mübarizəyə qalxan Vətənin qəhrəman oğul və qızlarının çoxu meydanda sovet ordusu ilə üz-üzə gəldi. Kimisi şəhid oldu, kimisi yaralandı. Həmin gecə həmin ərazidə yerləşən metro stansiyası işləməsəydi, itkilərimiz daha çox olacaqdı.

Həmin gecə yaddaşlarda çox şeyi dəyişdi... 20 Yanvar hadisələrindən sonra qadağalara, həbslərə baxmayaraq Bakı metropoliteninin əməkdaşları bu stansiyanın əvvəlki adını səsləndirməkdən imtina etdilər.

Maşinist Cahil Həsənov deyir ki, 90-cı illərə qədər həmin stansiya “11-ci Qızıl Ordu” adlandırılsa da, dəyişdirilərək “20 Yanvar” qoyulması qərara alınıb.

Həmin gecə Bakı qarnizonunun qoşunları, əlavə gətirilən qüvvə, hərbi gəmilərdən çıxarılan desant qrupları şəhər üzərinə hücuma keçərək ağır hərbi texnika ilə barrikadaları dağıtdı. Şəhərin küçələri güllələnmiş və yaralanmış günahsız insanların qanına qərq oldu. Hərbçilər təsadüfən küçəyə çıxanları, yaşayış evlərini, təcili yardım maşınlarını atəşə tutur, yaralıları öldürür, meyitləri yandırır, təhqir edirdilər. Adamları ağır hərbi texnikanın zəncirləri altına salır, əzabla öldürürdülər.

Qorxmaz xalq isə əliyalın şəkildə tankarın qarşısına çıxırdı. Şahid, 20 Yanvar əlili Asim Hüseynov belə deyir: “İnsanlarda qorxu hissi yox idi. Həm də inanmırdılar ki, sovet ordusu öz xalqına belə vəhşilik edər. Düz 00:00-da 20 Yanvarda atışma başladı”.

Sahib Əlizadə isə xəstəxanalardakı vəziyyəti belə xatırlayır: “Xəstəxanada işıq yox idi. Həkimlər qəzeti yandırıb, işığında əməliyyat aparırdılar. Xüsusi qeyd etmək istəyirəm ki, həkimlərimiz qəhrəmanlıq göstərdilər”.

Sovet ordusunun amansızlığına, qəddarlığına, Bakıda fövqəladə vəziyyətin tətbiq edilməsinə baxmayaraq, Azərbaycan xalqı yanvarın 22-də şəhidləri ilə vidalaşdı. Paytaxtın “Azadlıq” meydanında 20 Yanvar şəhidlərinin dəfni ilə əlaqədar matəm yürüşü keçirildi. Şəhidlər xiyabanındakı dəfn mərasimində 2 milyona yaxın insan iştirak etdi. Bu, Azərbaycan xalqının azadlıq səsi, haqq, ədalət, demokratiya və müstəqillik uğrunda mübarizə əzmi idi.

20 Yanvar faciəsi törədilən zaman xalqımız informasiya blokadasına salındı... 1990-cı il yanvarın 19-da Dağlıq Qarabağ və Ermənistanla sərhəd rayonlarda baş verən hadisələrdən xəbər tutmaq üçün bütün nəzərlər Azərbaycan Televiziyasına yönəlmişdi. Çünki həmin vaxt yeganə informasiya mənbəyi Azərbaycan Televiziya və Radiosu, bir də mətbu nəşrlər idi. Amma televiziyanın yaxınlığında keçirilən piketlər o vaxtkı rəhbərliyi təşvişə salmışdı. Ona görə də televiziyanın xalqın tribunasına çevrilməsindən qorxanlar enerji  blokunu partlatmaqla insanları informasiyasız qoydular. O axşam əsas xəbər buraxılışının efirə çıxmasına 35 dəqiqə qalmış televizorların ekranları qara rəngə boyandı. Bundan sonra bütün diqqət Azərbaycan Radiosuna yönəldi. Televiziya işə düşənədək xalq ölkədə, paytaxtda nələr baş verdiyini məhdud şəkildə Azərbaycan Radiosundan öyrənə bildi...

1994-cü il martın 29-da ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı Milli Məclis səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymət verildi. Tarix bir daha göstərdi ki, dövlətçilik ənənələrini yaşadan xalqımızı müstəqilliyi uğrunda mübarizədə qorxutmaq, susdurmaq, dayandırmaq mümkünsüzdür. Bu güc və qüdrətin sayəsində Azərbaycan xalqı istəyinə nail oldu. Müstəqil ölkəmiz günü-gündən bütün sahələrdə inkişaf edərək qüdrətləndi, dünyada söz, nüfuz sahibi oldu. 30 ildən sonra isə bu gücün və qüdrətin, xalqın həmrəyliyinin, milli iradəsinin və əzminin, müdrik liderinin sayəsində özünün ərazi bütövlüyünü və suverenliyini bərpa edərək tarixi zəfərə imza atdı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz şəhidlərimzin qisasını alaraq ərazilərimizi işğaldan azad edib bizi tarixi torpaqlarımıza qovuşdurdu.

Südabə Cahangirli

CANLI YAYIM