Vətən müharibəsi dövründə Ağdam rayonunun Zəngişalı kəndi də düşmən tərəfindən artileriya atəşinə tutulurdu. Buna baxmayaraq sakinlər kənddən çıxmayıb təsərrüfat işləri ilə məşğul olublar. Kənd məktəbinin təmiri də davam etdirilib. Müharibə Azərbaycan Ordusunun zəfəri ilə başa çatandan sonra təmir-bərpa işləri daha da sürətlənib.
Kənd sakini Fikrət Əliyev deyir ki, özü də bu məktəbdə təhsil alıb: “1970-ci ildə birinci sinfə bu məktəbə gəlmişəm. Nəvələrim, övladlarım bu məktəbin şagirdləri olub. Hazırda şəhid adını daşıyır. Bu bizim qürurumuzdur. Hər burdan ötdükcə məktəbin böyük təmirə ehtiyacı olduğunu həmişə hiss edib qayğılanmışam. Hər birimiz qayğılanmışıq ki, bizim bu məktəbin böyük təmirə ehtiyacı var”.
Bu ehtiyac nəzərə alınaraq Ağdamın Zəngişalı kənd tam orta məktəbinin 1969-cu ildə tikilən binası əsaslı təmir olunub. Artıq binanın dam örtüyü dəyişdirilib, divarlar metal konstruksiyalarla bərkidilib, pəncərələr yenilənib.
İş icraçısı Həsən Quliyev deyir ki, hazırda içəridə rəngləmə işləri aparılır.
Əvvəlki binada qazanxana və nasosxana məktəbin zirzəmi hissəsində yerləşirmuş. Təhlükəsizlik baxımından istismar olunmadığı üçün qış aylarında istiliklə bağlı çətinlik yaranırdı. Əsaslı təmirdən sonra isə qazanxana və nasosxana məktəbin həyətində inşa olunub. Bununla da məktəbin istiliklə bağlı yaranmış problemi də aradan qaldırılmış olub.
640 şagird yerlik təhsil ocağının sinif otaqları, fənn kabinələri, laboratoriyaları, idman və akt zalları, kitabxana və bufeti müasir standartlara uyğunlaşdırılır. Həyət abadlaşdırılandan sonra burada futbol, basketbol, təlim-məşq meydançaları da inşa ediləcək. Məktəb müasir avadanlıqlarla təchiz olunmaqla yeni dərs ili ərəfəsində istifadəyə veriləcək.
Pərviz İmranoğlu