“Şimal” regionda ən yüksək faydalı iş əmsalına malik elektrik stansiyasıdır

7 Sentyabr, 13:04 Sosial mediada paylaşın:

Bakıdakı “Şimal” elektrik stansiyası (ES) regionun ən müasir stansiyasıdır. Stansiyada faydalı iş əmsalı 57,4 faizdir.

Bu barədə jurnalistlərə “Şimal” ES-in direktoru Asəf İsmayılov deyib. O bildirib ki, 400 meqavat gücündəki “Şimal-2” elektrik stansiyasının əsas komponentlərinə qaz və buxar turbinləri, generator daxildir.

“Faydalı iş əmsalı 57,4 faiz olan buxar-qaz qurğusu Cənubi Qafqaz regionunda ən yüksək faydalı iş əmsalına malik elektrik stansiyasıdır. Stansiyada ildə 3,2 milyard kilovat/saat elektrik enerjisi istehsal ediləcək və hər 1 kilovat/saat elektrik enerjinin buraxılışına 214 qram şərti yanacaq sərf olunacaq ki, bu da enerji sisteminin ümumi göstəricisindən 65 qram azdır. Bu isə milyonlarla manata qənaət deməkdir. “Şimal-2” elektrik stansiyasında soyuducu dəniz suyu sahil nasosxanasına sakitləşdirici kanal vasitəsi ilə daxil olur”, - deyə stansiyanın direktoru əlavə edib.